Futbol üzrə Niderland milli komandasının və “İnter”in mərkəz müdafiəçisi Stefan de Vrey İtaliya klubu ilə yeni müqavilə bağlayıb.
Arena.az xəbər verir ki, bu barədə Milan təmsilçisi rəsmi saytı vasitəsilə məlumat yayıb.
31 yaşlı futbolçu ilə yeni sözləşmə 2025-ci ilin 30 iyununa qədər nəzərdə tutulub. Tərəflər arasındakı əvvəlki müqavilənin müddəti bu yay bitmişdi.
Stefan de Vrey “İnter”ə 2018-ci ilin iyulunda 7 milyon avro qarşılığında “Latsio”dan gəlib. O, bu komandanın heyətində meydana çıxdığı 203 oyunda 9 qol və 7 məhsuldar ötürmə müəllifi olub. Niderlandlı müdafiəçi daha öncə “Feyenord” və “Latsio”da oynayıb. O, Niderland yığmasında da 59 oyuna 3 qolla yadda qalıb.
“İnter” digər mərkəz müdafiəçisi Zinho Vanheusdeni də Belçika “Standard”ına icarəyə verib. Belçikadan olan 23 yaşlı futbolçu qarşıdakı mövsümün sonuna kimi ölkəsində top qovacaq.
Zinho Vanheusden “İnter”ə 2015-ci ildə məhz “Standard”dan gəlib. Amma o, bu klubun əsas komandasında heç bir oyun da keçirməyib. Əvəzində “Cenoa” və “Alkmaar”da icarədə olub. Daha öncə də “Standard”da oynamış müdafiəçi bu komandada 76 oyuna 4 qol vurub, 1 assist edib. O, Belçika milli komandasında da 1 oyun keçirib.


