“Milan”ın baş məşqçisi Stefano Pioli “rossoneri”nin sükanı arxasında gələcəyi ilə bağlı düşünməməyə çalışdırğını bildirib.
Arena.az italyan mütəxəssisin bu barədə fikirlərini təqdim edir:
“Komandadakı gələcəyim? Gələcək haqqında düşünməməyə çalışıram. “Milan”a gələndən bəri həmişə olduğu kimi, hamımız mövsümün sonunda klub rəhbərliyi ilə görüşərək, bundan sonra nə olacağına qərar verəcəyik. Mən bütün diqqətimi komandaya kömək etməyə yönəldirəm, onda isə ortaya müəyyən duyğular çıxacaqlar. Klubla hər zaman əla münasibətim olub”, deyə Pioli vurğulayıb.
“Milan”ın baş məşqçisi 38 yaşlı fransız veteran hücumçu Olivye Jirunun “rossoneri”dən ayrılması xəbərinə də münasibət bildirib. O, buna duyğusal qarşılıq verib:
“Mən səninlə işlədiyim üçün fəxr edirəm. Bu, bir imtiyaz və şərəf idi. Mən səni qucaqlayıram, təşəkkür edirəm, səni sevirəm. Bilirsən ki, sən əlasan. Səni çox möhkəm qucaqlayıram”, deyə Pioli vurğulayıb.
Xatırladaq ki, Stefano Pioli “Milan”ı 2019-cu ilin oktyabrından çalışdırır. 58 yaşlı italyan mütəxəssisin “rossoneri” ilə müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Stefano Piolinin rəhbərliyi müddətində “Milan” bütün yarışlarda 239 oyuna çıxıb, 132 qələbə qazanıb, 55 heç-heçə edib, 52 məğlubiyyət acısısı yaşayıb. Topların fərqi isə 434:279 nisbətindədir.
Pioli “Milan”a 2021/2022-ci illər mövsümündə İtaliya A Seriyasının çempionluğunu qazandırıb. Cari mövsümdə isə bu komanda 37 oyunda 22 qələbə qazanıb, 8 heç-heçə edib və 7 məğlubiyyətə üzülüb. 74 xala malik milanlılar A Seriyasında 2023/2024 mövsümünün sonuna bir tur qalmış çempion “İnter”in gerisində, 2-ci pillədə qərarlaşıblar.


