“Milan”ın baş məşqçisi Stefano Pioli “rossoneri”nin İtaliya Kubokunun 1/8 finalında “Kalyari” üzərində böyükhesablı qələbəsini şərh edib.
Arena.az “Football Italia” dərgisinə istinadən məlumat verir ki, italyan mütəxəssis 4:1 hesablı qələbədə komandanın gənc oyunçularının xidmətini xüsusilə yüksək qiymətləndirib:
“Çox xoşdur, indi “Empoli” ilə eyni əhvalda oynamalıyıq. Biz nəticələrin sabitliyini təmin etməyə çalışırıq.
Oyunun və nəticənin gözləntiləri üstələdiyini deməzdim. Yaxşı heyətlə hazırlaşanda həmişə ən yaxşısına ümid edirsən.
Bəli, bəzi uşaqlar oyunun əvvəlində bir az əsəbi idilər, amma hesabı açan kimi iş xeyli asanlaşdı. Bu uşaqlarda bacarıq, istedad var, amma ən əsası yüksək fədakarlıq var ki, bunu həmişə göstərməlidirlər. Onların münasibəti göstərir ki, “Milan”ın akademiyası çox yaxşı işləyir.
Gənc futbolçular sübut edirlər ki, öz töhfələrini verməyə qadirdirlər, onları nəinki gözlənilməz hallarda əvəzedici kimi, həm də tamhüquqlu futbolçu kimi qəbul etmək lazımdır. Bu, klubun uğurudur”, deyə Stefano Pioli razılıqla danışıb.
1/4 final mərhələsində “Milan”ın rəqibinin kimliyi 1/8 mərhələsinin bütün cütlərinin qalibləri müəyyənləşəndən sonra bilinəcək.


