Şotlandiyanın “Aberdin” komandasının baş məşqçisi Stiven Qlass Konfrans Liqasının pley-off mərhələsində “Qarabağ”a qarşı keçirdikləri ilk oyunu şərh edib.
Arena.az xəbər verir ki, o, bu gün Bakıda baş tutan və 0:1 hesabıyla uduzduqları matçdan sonrakı mətbuat konfransında bunları söyləyib:
“Qarabağ”a hörmətlə yanaşırıq. Onların gücünü bilirik. Lakin bu gün belə meydanda oyun göstərmək çox çətin idi. Cavab görüşü fərqli olacaq. Hər iki komandanın tamam fərqli oyun sərgiləyəcəyinə inanıram. Həm “Qarabağ”a, həm də bizə meydan amili təsir etdi. Bu, oyunçuların zədələnməsinə şərait yaradır. Bizdə həvəskar səviyyədə olan komandaların meydanı bu cür olur. Belə meydanda oynamaq qəbuledilməzdir. Düşünürəm ki, hər iki komanda normal ot örtüyü olan yerdə daha yaxşı oyun sərgiləyər. Rəqibə hörmət edirik. Onlar səfərə gələcək. Bu səbəbdən şansları hələ də bərabər hesab edirəm.
“Qarabağ”ı əvvəlki avrokubok matçlarından da analiz etmişdik. Bu gün daha çox atletik oyun oldu. İkinci hissədə daha yaxşı oynadıq. Qələbə qazanmaq, bərabərlik topunu vurmaq istəyirdik. Düşünürəm ki, 0:4 hesabı ilə uduza da bilərdik. Çox futbolçu sarı vərəqə aldı. Növbəti matçda 6 nömrəli oyunçunuz Patrik Andrade, həmçinin Maksim Medvedev iştirak etməyəcək”.


