“Sumqayıt” Azərbaycana xal qazandırıb vidalaşdı

“Sumqayıt” ötən gecə avrokubok matçındakı heç-heçə sayəsində UEFA reytinqində Azərbaycanın xal ehtiyatını zənginləşdirib.

Arena.az xəbər verir ki, Samir Abasovun yetirmələri Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində Macarıstanın “Fehervar” komandasına qarşı cavab oyunundan qolsuz heç-heçə ilə ayrılıb.

Nəticədə Sumqayıtın eyniadlı klubu Azərbaycanın UEFA reytinqində xal ehtiyatını artırıb. Bu heç-heçə sayəsində ölkə reytinqinə daha 0,125 xal əlavə edilib. Amma Azərbaycan təmsilçisi ilk oyunda uduzduğu üçün, avrokuboklarla vidalaşmalı olub.

Hazırda UEFA reytinqində Azərbaycanın cari mövsümdəki qazancı 1.375 xaldır. Azərbaycanı bu mövsüm avrokuboklarda təmsil edən digər klublardan “Sabah” reytinqə 0,250 ballıq töhfə verib. “Qarabağ”la “Zirə” isə ölkə reytinqini 0,500 xalla zənginləşdiriblər. “Sumqayıt”ın qazancı isə elə 0,125 xal olub.

Son 5 mövsümdəki ümumi əmsalı 18.125-ə çatan Azərbaycan reytinq cədvəlində 25-ci sıraya düşüb. Buna Slovakiyanın xallarını Azərbaycanla bərabərləşdirərək önə keçməsi səbəb olub. Azərbaycanı 17.600 xala malik Kipr izləyir.

Reytinq cədvəlinə yenə İngiltərə (89,160) başçılıq edir. İtaliya (79,106) ikinci, İspaniya (73.989) isə üçüncü pillədə qərarlaşıb. Digər “böyük beşlik” ölkələrindən Almaniya (71,660) dördüncü, Fransa (57,736) isə beşinci sıradadır. Türkiyə 34,400 balla 9-cu sırada qərarlaşıb.

Azərbaycanla yanaşı, İsrail, Bolqarıstan, Finlandiya, Şimali İrlandiya, Gürcüstan və Şimali Makedoniya da reytinqdə geriləyib. Əvəzində Norveç, Slovakiya, Kipr, İsveç, Latviya, Farer adaları, Estoniya və Monteneqro irəliləyib.

Sonda onu da xatırladaq ki, UEFA reytinqində hər klubun avrokubokların təsnifat mərhələsindəki qələbəsi ölkəsinə 0,250, hər heç-heçəsi isə 0,125 bal qazandırır. Məğlub olan komandalar isə reytinqə heç bir təsir göstərmirlər.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: