“Qarabağ”ın prezidenti Tahir Gözəl futbol üzrə Avropa Liqasının pley-off mərhələsinin püşkatma mərasimində iştirak edəcək.
Arena.az xəbər verir ki, bu barədə Ağdam klubunun mətbuat xidməti məlumat yayıb.
Xəbərdə bildirilir ki, klub rəhbəri dekabrın 18-də İsveçrənin Nyon şəhərində təşkil olunacaq tədbirdə komandanın rəqibinin müəyyənləşməsini canlı izləyəcək.
“Qarabağ” Avropa Liqasının qrup mərhələsinin 6-cı turunda İsveçin “Hakken” klubuna 2:1 hesabı ilə qalib gələrək turnirin pley-off mərhələsinə yüksəlib. Ağdam klubunun prezidenti Tahir Gözəl oyundan sonra “Qarabağ”ı tarixi uğur münasibətilə təbrik edərək Azərbaycan futbolu tarixində ilk dəfə Avropa Liqasına yüksələn komandanın bu nailiyyətini yüksək qiymətləndirdiyini qeyd edib. Bu tarixi nəticənin qazanılmasında Qarabağ ruhunun, birliyinin başlıca rol oynadığını vurğulayan Gözəl komandaya növbəti oyunlarda uğurlar arzulayıb.
Xatırladaq ki, H qrupunda 10 xalla ikinci yeri tutan “Qarabağ”ın pley-off mərhələsindəki potensial rəqibləri “Qalatasaray” (Türkiyə), “Lans” (Fransa), “Braqa”, “Benfika” (hər ikisi Portuqaliya), “Feyenoord” (Niderland), “Milan” (İtaliya), “Yanq Boyz” (İsveçrə) və “Şaxtyor”dur (Donetsk, Ukrayna). Bu raundun oyunları 2024-cü il fevral ayında keçiriləcək. Pley-off mərhələsinin ilk oyunları fevralın 15-də, cavab qarşılaşmaları isə ayın 22-də baş tutacaq.


