Tayler Morton “Liverpul”u Lion “Olimpik”inə dəyişdi

İngiltərə çempionu “Liverpul”un dayaq yarımmüdafiəçisi Tayler Morton bundan sonra karyerasını Lion “Olimpik”ində davam etdirəcək.

Arena.az xəbər verir ki, bu barədə hər iki klubun mətbuat xidməti məlumat yayıb.

22 yaşlı ingilis futbolçu yeni klubu ilə 5 illik müqavilə imzalayıb. Transferin dəyəri 10 milyon avro təşkil edib, əlavə 5 milyon avro isə bonuslar şəklində ödəniləcək. Futbolçunun növbəti satışından “Liverpul” 20 faiz pay alacaq.

Tayler Morton “Liverpul”un öz yetirməsidir. O, sözügedən klubun əsas komandasında 14 oyun keçirib, 1 məhsuldar ötürmə ilə yadda qalıb. Yarımmüdafiəçi əvvəlki mövsümlərdə “Bləkbörn” və “Hall Siti” kimi klublarda icarədə də olub.

Tayler Morton İngltərənin U-20 və U-21 yığmalarında oynasa da, əsas millidə debüt şansı qazanmayıb.

“Transfermarkt” internet-portalı 22 yaşlı yarımmüdafiəçinin transfer dəyərini 7 milyon avro məbləğində qiymətləndirir.

Yeri gəlmişkən, Lion “Olimpik”i Çexiyanın “Viktoriya” (Plzen) klubunun hücumameyilli yarımmüdafiəçisi Pavel Şultsu da heyətinə qatıb. Fransa klubu bu transfer üçün 7,5 milyon avrosundan keçib. 24 yaşlı çexiyalı futbolçu ilə 4 illik (2029-cu ilin 30 iyununadək) müqavilə imzalanıb.

Pavel Şults “Viktoriya”nın yetirməsidir. O, müxtəlif vaxtlarda “Vısoçina”, “Opava”, “Çeske Budeyoviçe”, “Yablonets” kimi klublarda icarədə olub. “Viktoriya”nın əsas komandasında 167 oyun keçirmiş futbolçu bu görüşlərdə 47 qol və 31 assistlə yadda qalıb.

Çexiya yığmasında 14 oyun keçirmiş yarımmüdafiəçinin hesabında 4 qol, 2 məhsuldar ötürmə var.

“Transfermarkt” internet-portalı 24 yaşlı yarımmüdafiəçinin transfer dəyərini 10 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: