Ticani Reynders satıldı, MS 61 milyon avro qazandı

Niderland millisinin və “Mançester Siti”nin yarımmüdafiəçisi Ticani Reynders karyerasını Səudiyyə Ərəbistanında davam etdirəcək.

Arena.az xəbər verir ki, “Əl-Qadisiyyə” klubu 28 yaşlı futbolçunun transferini rəsmən açıqlayıb.

Tərəflər uzunmüddətli müqavilə imzalayıblar. Razılaşmanın müddəti 5 ildir. Məlumata görə, Səudiyyə klubu niderlandlı yarımmüdafiəçinin transferi üçün “Mançester Siti”yə təxminən 61 milyon avro ödəyib.

Ticani Reynders İngiltərə klubundan cəmi bir mövsümdən sonra ayrılıb. “Şəhərlilər” 2025-ci ilin yayında futbolçunu “Milan”dan 55 milyon avroya transfer etmişdi. Reynders “Mançester Siti”nin heyətində bütün turnirlərdə 47 rəsmi oyuna çıxıb. Lakin mövsüm ərzində məşqçilər korpusunun ona olan etimadı tədricən azalıb və futbolçu əsas heyətdəki yerini itirib.

Yeni klubunda Reynders ulduz futbolçuların yer aldığı heyətə qoşulacaq. Ötən mövsüm Səudiyyə Ərəbistanı Pro Liqasını dördüncü pillədə başa vurmuş “Əl-Qadisiyyə”nin heyətində Naço Fernandes, Yulian Vayql, Mateo Reteqi və Xulian Kinyones kimi tanınmış oyunçular da çıxış edirlər.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: