Fransa çempionu PSJ almaniyalı müdafiəçisi Tilo Kerer ilə yollarını ayırıb. Arena.az xəbər verir ki, Paris təmsilçisi 25 yaşlı oyunçunu İngiltərənin “Vest Hem” klubuna satıb.
Bu barədə sözügedən klublar rəsmi saytları vasitəsilə məlumat yayıblar. “Vest Hem” bu keçidə görə parislilərə 12 milyon avro ödəyəcək.
Kerer yeni klubu ilə 4+2 illik müqaviləyə imza atıb. O, yeni komandasında 24 nömrəli formanı geyinəcək.
Tilo Kerer Almaniyanın “Şalke” klubunun yetirməsidir. O, bu klubun əsas komandasında cəmi 2 il forma geyindikdən sonra 2018-ci ildə PSJ-yə transfer olunmuşdu. Paris təmsilçisi həmin vaxt onun keçidi üçün 37 milyon avro ödəmişdi. Müdafiəçi Fransa klubunda 128 oyuna 4 qol vurub və 2 məhsuldar ötürmə müəllifi olub. O, bu komandanın heyətində 3 dəfə ölkə çempionu olub, 2 dəfə Fransa kubokunu və 1 dəfə Liqa kubokunu qazanıb. Kerer Almaniya yığmasında da 20 oyuna çıxıb.
PSJ gənc yarımmüdafiəçisi Natan Bitumazalanı da Belçikanın “Eupen” klubuna icarəyə verib. 19 yaşlı futbolçu 2022/23 mövsümünün sonuna kimi bu komandada çıxış edəcək. Paris klubunun öz yetirməsi olan fransız yarımmüdafiəçi, ötən mövsüm əsas komandada da debüt edib.
“Vest Hem” də qapıçısı Jozef Ananqı “Derbu Kaunti”yə mövsümün sonuna kimi icarəyə verib. 22 yaşlı ingilis qolkiper ötən mövsüm “Steveneyc” və “Sent Patriks Atletik” klublarında da icarədə oynayıb.


