Amerikalı iş adamı Todd Bouli İngiltərənin “Çelsi” klubunun İdarə Heyətinin sədri vəzifəsindən ayrılıb və payını da satacağını bildirib.
Arena.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, Todd Bouli və Mark Uolterə məxsus səhmləri “Clearlake” şirkətinin törəmə müəssisəsi satın alacaq. Nəticədə şirkət “Çelsi” üzərində tam nəzarəti əldə edəcək.
Xatırladaq ki, “Çelsi” 2022-ci il mayın 28-də Todd Boulinin həmtəsisçilərindən biri olduğu “BlueCo” konsorsiumu tərəfindən satın alınıb. Bundan əvvəl klub rusiyalı iş adamı Roman Abramoviçə məxsus idi. O, Ukraynada müharibənin başlamasından sonra tətbiq edilən sanksiyalarla əlaqədar klubu satmaq qərarına gəlmişdi.
Todd Boulinin rəhbərliyi dövründə “Çelsi” iki titul qazanıb. London klubu 2025-ci ildə UEFA Konfrans Liqasının və FIFA Klublararası Dünya Çempionatının qalibi olub.
Roman Abramoviç “Çelsi”ni 2003-cü ildə əvvəlki sahibi Ken Beytsdən təxminən 140 milyon funt-sterlinqə (həmin vaxtın məzənnəsi ilə 233 milyon ABŞ dolları) satın almışdı.
Abramoviçin sahib olduğu dövrdə “Çelsi” 5 dəfə İngiltərə çempionu olub, 5 dəfə İngiltərə Kubokunu, 3 dəfə Liqa Kubokunu qazanıb. Klub həmçinin 2 dəfə İngiltərə Super Kubokunun, 2 dəfə UEFA Çempionlar Liqasının və 2 dəfə UEFA Avropa Liqasının qalibi olub. 2021-ci ildə isə UEFA Super Kubokunu və FIFA Klublararası Dünya Çempionatını qazanıb.


