Tomas Heberli və Henri Anier Bakıda uğurlu nəticəyə köklənib

Estoniya yığmasının baş məşqçisi Tomas Heberli AÇ-2024-ün seçmə mərhələsində Azərbaycan millisinə qarşı oyundan öncə fikirlərini bölüşüb.

Arena.az xəbər verir ki, İsveçrədən olan 49 yaşlı mütəxəssis bu gün Bakıda baş tutan mətbuat konfransında bunları söyləyib:

“Üzərimizdə adi təzyiq var. Qrupumuzdakı digər 3 komanda güclüdür. Azərbaycan yığması evdə yaxşı oynayır. Buna baxmayaraq, uğurlu nəticə qazanmağa çalışacağıq. Bütün komanda üzvləri sağlamdırlar. Heyətlə bağlı yekun qərarı bu gün axşam verəcəyik”.

Rəqib baş məşqçi sabah uğur qazanmaları üçün vacib olan məqamları açıqlayıb: “Səbirli olmaq vacibdir. Bəzən 70, bəzən 90 dəqiqə buna ehtiyac olur. Bəzən həlledici zərbəni 70-ci dəqiqədən sonra vurursan. Buna görə də səbirlə çıxış edəcəyik”.

Tomas Heberli Azərbaycan yığmasının Avstriyaya 1:4, Estoniya seçməsinin isə 1:2 hesabı ilə məğlub olmasına da münasibət bildirib:

“Sonda hər iki komanda məğlub olub. Hesab arasındakı fərqin elə böyük önəmi yoxdur. İsveçə qarşı görüşdə hesab fərqli olsa da, Azərbaycan yaxşı oynamışdı. Vurulan qollara yox, xallara görə çıxış edirik.

Mətbuat konfransında iştirak edən Estoniya yığmasının hücumçusu Henri Anier də matçdan öncə fikirlərini bölüşüb. Hazırda klubsuz olan 32 yaşlı futbolçu bunları söyləyib:

“Toplanışın ilk günündən hər şey yaxşıdır. Əhval-ruhiyyəmiz qaydasındadır. Çətin oyun olacaq. Ancaq məqsədimiz uğurlu nəticə ilə buradan ayrılmaqdır. Azərbaycanla oyunda qələbə qazanmaq istəyirik. Meydana qələbə üçün çıxacağıq. Matça iki istiqamətdə hazırlaşmışıq. İlk istiqamət öz oyun planımızdır. Həmçinin, rəqibi təhlil etmişik, zəif cəhətlərini öyrənmişik.

Azərbaycan yığması güclü komandadır. Buna baxmayaraq, yaranacaq boşluqlardan yararlanmağa çalışacağıq. Millinin bir çox oyunçuları yoxdur. Buna baxmayaraq, yaxşı hazırlaşmışıq.

Birgə çalışmalı, ölkəmizi yaxşı təmsil etməliyik. Sabah göstərməliyik ki, həm qol vura, həm də qələbə qazana bilirik. Düşünürəm ki, oyuna hazırıq, özümüzü yaxşı hiss edirik. Səbirsizliklə matçı gözləyirik. Həm mən, həm də bütün komanda hazırdır. Əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq”.

Sabah – iyunun 17-də “Dalğa Arena”da baş tutacaq Azərbaycan – Estoniya matçına saat 20:00-da start veriləcək.

Xəbəri sosial şəbəkələrdə paylaş: