Tomas Müller 500-cü qələbəsini qazandı, ilkə imza atdı

Bundesliqanın 20-ci turunun Mönhenqladbax “Borussiya”sı ilə ev oyunu (3:1) “Bayern”in alman hücumçusu Tomas Mülller üçün əlamətdar olub.

Arena.az məlumat verir ki, Müller “Bayern”in heyətində 500-cü qələbəsini qazanıb.

Təcrübəli hücumçu münhenlilərin heyətində bu göstəriciyə ilk dəfə nail olmuş futbolçu kimi Almaniya nəhənginin tarixinə düşüb.
Bu uğuru qazanmaq üçün Müllerə 690 oyun gərək olub.

Tomas Müller “Bayern”in yetirməsidir. Müller 2009-cu ilin iyulundan “Bayern”in əsas heyətində çıxış edir.

Cari mövsümdə veteran hücumçu “Bayern”in heyətində bütün yarışlarda 24 oyun keçirib, 2 qol vurub, 5 məhsuldar ötürmə verib.

Ümumilikdə veteran hücumçunun “Bayern”in heyətində çıxışının mənzərəsi belədir: 690 oyun, 237 qol, 264 məhsuldar ötürmə.

Müllerin zəngin qənimətlər muzeyi var. Tomas “Bayern”lə 12 dəfə Bundesliqanın, 6 dəfə Almaniya Kubokunun, 8 dəfə Almaniya Super Kubokunun, 2 dəfə Çempionlar Liqasının, 2 dəfə UEFA Super Kubokunun, 2 dəfə FIFA Klub Dünya Kubokunun qalibi olub. Müller həmçinin 2 dəfə Almaniya Kubokunun (2009/2010 – 4 qol, 2013/2014 – 8 qol) ən sərrast futbolçusu olub.

Müller 2010-cu ilin martında debüt etdiyi Almaniya yığmasının heyətində 126 oyuna çıxıb, 45 qol vurub, 40 məhsuldar ötürmə verib. Müller “bundestim”lə 2014-cü ildə Braziliyada keçirilmiş dünya çempionatının qalibi olub. Hücumçu həmçinin 5 qolla DÇ-2010-nun ən sərrast futbolçuları arasında yer alıb.

“Transfermarkt” internet-portalı 34 yaşlı veteran Tomas Müllerin transfer dəyərini 10 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: