“Bayern”in hücumçusu, veteran futbolçu Tomas Müller Almaniya milli komandasındakı karyerasını başa vurduğunu bəyan edib.
Arena.az xəbər verir ki, bu barədə ölkənin məşhur “Bild” nəşri məlumat yayıb.
Müller 2010-cu ilin martında debüt etdiyi Almaniya yığmasının heyətində 131 oyuna çıxıb. O, bu oyunlarda 45 qol vurub, 41 məhsuldar ötürmə verib. Müller “bundestim”lə 2014-cü ildə Braziliyada keçirilmiş dünya çempionatının qalibi olub. Hücumçu həmçinin 5 qolla DÇ-2010-nun ən sərrast futbolçuları arasında yer alıb.
Tomas 2022-ci ildə Qətərdə keçirilmiş mundialdan sonra milli ilə vidalaşdığını açıqlasa da, yenidən komandaya qayıtmışdı. Bundestim Almaniyada təşkil olunmuş Avropa çempionatında (AÇ-2024) 1/4 finalında əlavə vaxtda İspaniyaya uduzaraq mübarizəni dayandırıb – 1:2.
Tomas Müller “Bayern”in yetirməsidir. Veteran hücumçu 2000-ci ildən “Bayern”in düşərgəsindədir və 2009-cu ilin iyulundan Münhen klubunun əsas komandasında çıxış edir. Müllerin “Bayern”lə müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Geridə qalmış 2023/2024 mövsümündə veteran hücumçu “Bayern”in heyətində bütün yarışlarda 41 oyun keçirib, 7 qol vurub, 12 məhsuldar ötürmə verib.
Ümumilikdə Müllerin “Bayern”in heyətində çıxışının mənzərəsi belədir: 707 oyun, 242 qol, 268 məhsuldar ötürmə.
Müllerin zəngin qənimətlər muzeyi var. Tomas “Bayern”lə 12 dəfə Bundesliqanın, 6 dəfə Almaniya Kubokunun, 8 dəfə Almaniya Super Kubokunun, 2 dəfə Çempionlar Liqasının, 2 dəfə UEFA Super Kubokunun, 2 dəfə FIFA Klub Dünya Kubokunun qalibi olub. Müller həmçinin 2 dəfə Almaniya Kubokunun (2009/2010 – 4 qol, 2013/2014 – 8 qol) ən sərrast futbolçusu olub.
“Transfermarkt” internet-portalı 34 yaşlı veteran hücumçunun transfer dəyərini 8 milyon avro məbləğində qiymətləndirir.


