“Bayern”in təcrübəli hücumçusu Tomas Müller Almaniya çempionatında Münhen klubu üçün yeni rekorda imza atıb.
Arena.az bu barədə “Opta Sports” statistik internet-portalına istinadən məlumat verir.
Müller Bundesliqanın 1-ci turu çərçivəsində “Verder”lə oyuna əvəzedici kimi daxil olub. 33 yaşlı futbolçu 16 mövsümdür “Bayern”də çıxış edir və bu göstərici bütün zamanların “Bayern” üçün rekordudur.
Alman hücumçu Almaniya nəhənginin öz yetirməsidir. O, 2008-ci ilin avqustunda münhenlilərin heyətində debüt edib.
Xatırladaq ki, avqustun 18-də Bundesliqanın 1-ci turu çərçivəsində “Bayern” səfərdə Bremen “Verder”inin qonağı olub. Almaniya nəhəngi “musiqiçilər”i 4:0 hesabı ilə darmadağın edib. Müller oyunda yekun hesabı müəyyənləşdirən Leroy Saneyə məhsuldar ötürmənin müəllifi olub.
Cari mövsümdə Tomas Müller “Bayern”in heyətində 1 oyun keçirib, eyni sayda məhsuldar ötürmə verib. Bütövlükdə isə o, bu komandanın heyətində meydana çıxdığı 667 oyunda 235 qol vurub, 257 məhsuldar ötürmə edib.
“Transfermarkt” internet-portalı Mülleri 12 milyon avro məbləğində qiymətləndirir.


