“Bayern”in hücumçusu Tomas Müller şərəfini qoruduğu Münhen klubunun bu mövsüm UEFA Çempionlar Liqasındakı hədəfini açıqlayıb.
Arena.az xəbər verir ki, 35 yaşlı alman futbolçu Münhen klubunun doğma meydanında keçiriləcək UEFA Çempionlar Liqasının finalına vəsiqə qazanmağa iddialı olduğunu bəyan edib:
“Biz öz stadinumuzda UEFA Çempionlar Liqasının finalını artıq görmüşük. Bir çox insan üçün, eləcə də bizim üçün bu, həyatımızda vacib hadisə oldu. Biz, bu məqsəd üçün hər şeyi verməyə dəyəcəyini də bilirik!”, deyə Müller vurğulatyıb.
Xatırladaq ki, 2012-ci ildə “Bayern” Çempionlar Liqasının finalında doğma meydanı “Alyans Arena”da “Çelsi” ilə qarşılaşmış, əsas və əlavə vaxtı 1:1 hesabı ilə başa çatmış oyunu penltilər silsiləsində 3:4 hesablı məğlubiyyətlə “zadəganlar”a təslim etmişdi.
Tomas Müller “Bayern”in yetirməsidir. Veteran hücumçu 2000-ci ildən “Bayern”in düşərgəsindədir və 2009-cu ilin iyulundan Münhen klubunun əsas komandasında çıxış edir.
Müllerin “Bayern”lə müqaviləsinin müddəti 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Müller cari mövsümdə “Bayern” üçün bütün yarışlarda 34 oyun keçirib, 5 qol və 5 məhsuldar ötürmə ilə fərqlənib.
Ümumilikdə Müllerin “Bayern”in heyətində çıxışının mənzərəsi 741 oyun, 247 qol, 273 məhsuldar ötürmədən ibarətdir.
Tomas Müller 2010-cu ilin mart ayında debüt etdiyi Almaniya yığmasının heyətində 131 oyuna 45 qol və 41 məhsuldar ötürmə ilə fərqlənib.
Müllerin zəngin qənimətlər muzeyi var. Tomas “Bayern”lə 12 dəfə Bundesliqanın, 6 dəfə Almaniya Kubokunun, 8 dəfə Almaniya Super Kubokunun, 2 dəfə Çempionlar Liqasının, 2 dəfə UEFA Super Kubokunun, 2 dəfə FIFA Klub Dünya Kubokunun qalibi olub. Müller həmçinin 2 dəfə Almaniya Kubokunun (2009/2010 – 4 qol, 2013/2014 – 8 qol) ən sərrast futbolçusu olub. Veteran hücumçu həmçinin bundestimlə DÇ-1014-ün qalibi adını qazanıb.
“Transfermarkt” internet-portalı 35 yaşlı veteran hücumçunun transfer dəyərini 6 milyon avro məbləğində qiymətləndirir.


