Tomas Müller Rayan Giqqzin müstəsna rekorduna şərik oldu

“Bayern”in 35 yaşlı almaniyalı veteran hücumçusu Tomas Müller karyerası ərzində 13-cü dəfə Almaniya çempionu adını qazanıb.

Arena.az xatırladır ki, “Bayern” Almaniya Bundesliqasının 2024/2025-ci illər mövsümününün çempionluğunu erkən surətdə təmin edib.

Nəticədə münhenlilərin veteran hücumçusu Müller də növbəti titulunu qazanıb. O, bu zəfər sayəsində daha əvvəl yalnız “Mançester Yunayted”in uelsli əfsanəsi, keçmiş cinah yarımmüdafiəçisi Rayan Giqqzə məxsus müstəsna rekorda şərik olub.

Belə ki, Giqqz və Müller Avropanın böyük futbol beşliyi ölkələrinin milli birincilikləri çərçivəsində ən çox çempionluq qazanmış oyunçulardır – hər biri 13 dəfə.

Xatırladaq ki, cari mövsümün başa çatması ilə “Bayern”lə müqavilə müddəti sona yetəcək Müller 25 il düşərgəsində olduğu Münhen klubunu tərk edəcək. Müvafiq qərarı “Bayern” rəhbərliyi qəbul edib. Veteran hücumçunun bir çox təklifləri var, ancaq Müllerin karyerasına xitam verəcəyi də istisna edilmir.

Tomas Müller “Bayern”in yetirməsidir. Veteran hücumçu 2000-ci ildən Münhen təmsilçisinin düşərgəsindədir və 2009-cu ilin iyul ayından klubun əsas komandasında çıxış edir.

Müllerin “Bayern”lə müqaviləsinin müddəti 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Müller cari mövsümdə “Bayern” üçün bütün yarışlarda 42 oyun keçirib, 6 qol və 6 məhsuldar ötürmə ilə fərqlənib.

Ümumilikdə Müllerin “Bayern”in heyətində çıxışının mənzərəsi 749 oyun, 248 qol, 274 məhsuldar ötürmədən ibarətdir.

Tomas Müller 2010-cu ilin mart ayında debüt etdiyi Almaniya yığmasının heyətində 131 oyuna 45 qol və 41 məhsuldar ötürmə ilə fərqlənib.

Müllerin zəngin qənimətlər muzeyi var. Tomas “Bayern”lə 13 dəfə Almaniya Bundesliqasının, 6 dəfə Almaniya Kubokunun, 8 dəfə Almaniya Super Kubokunun, 2 dəfə Çempionlar Liqasının, 2 dəfə UEFA Super Kubokunun, 2 dəfə FIFA Klub Dünya Kubokunun qalibi olub. Müller həmçinin 2 dəfə Almaniya Kubokunun (2009/2010 – 4 qol, 2013/2014 – 8 qol) ən sərrast futbolçusu olub. Veteran hücumçu həmçinin bundestimlə DÇ-2014-ün qalibi adını qazanıb.

“Transfermarkt” internet-portalı 35 yaşlı veteran hücumçunun transfer dəyərini 6 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: