Tomas Tuxel Deklan Raysı “bişirir”

Bayern”in baş məşqçisi Tomas TuxelVest Hem”in kapitanı və mərkəz yarımmüdafiəçisi Deklan Raysı komandasına cəlb etməyə çalışır.

Arena.az “Sky Sports”a istinadən xəbər verir ki, Tomas Tuxel artıq bu xüsusda Raysla müzakirə aparıb.

Bildirilir ki, Rays münhenlilərin əldə etmək istədiyi futbolçular siyasına rəhbərlik edir. Mənbədən verilmiş məlumata görə, “Bayern”in bu səviyyədə canfəşanlığı əsassız deyil. İngilis yarımmüdafiəçi həmçinin London “Arsenal”ının maraq dairəsindədir. Bir çox mənbələrdə “Mançester Siti”nin də Raysla maraqlandığı haqda məlumatlar var.

Deklan Rays cari mövsümdə “Vest Hem”in heyətində 49 oyunda meydana çıxıb, 5 qol vurub, 4 məhsuldar ötürmə verib. Rays həm də İngiltərə yığmasının oyunçusudur (41 oyun, 3 qol).

“Bayern”ə gəlincə xatırladaq ki, Tomas Tuxelin rəhbərliyi altında münhenlilər 2022/2023 mövsümündə Bundesliqa çempionluğunu qazanıblar. Ardıcıl 11-ci çempionluğa rəğmən, Münhen klubu çempionluğu çox çətinliklə, sonuncu turda ən yaxın izləyici Dortmund “Borussiya”sının büdrəməsi ilə rəsmiləşdirib. Yaranmış vəziyyət “Bayern” rəhbərliyini klubda yeni islahatlar aparmağa, düzgün transfer siyasəti yürütməyə sövq edib. Klub idarə heyətinin sədri Oliver Kan və idman direktoru Hasan Salihamiciçlə yollarını ayırıb.