“Real”ın alman mərkəz yarımmüdafiəçisi Toni Kroos Madrid klubu ilə müqaviləsinin müddətini uzatmağa yaxındır.
Arena.az xatırladır ki, futbolçunun klubla hazırkı müqaviləsi cari mövsümün sonunda başa çatacaq.
Yeni müqavilənin 2025-ci ilin yayına qədər qüvvədə olacağı vurğulanır. Amma müqavilənin təfərrüatı haqda məlumat verilmir.
Toni Kroos “Real”a 2014-cü ilin iyulunda 25 milyon avro müqabilində “Bayern”dən keçib. Alman yarımmüdafiəçinin “kral klubu” ilə müqaviləsi cari mövsümün – iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövsümdə Kross “qaymaqlılar”ın heyətində 36 oyuna 1 qol vurub, 7 məhsuldar ötürmə ilə fərqlənib. Toninin İspaniya nəhənginin heyətində ümumi statistikası da sanballıdır: 453 oyun, 28 qol, 96 məhsuldar ötürmə.
Yarımmüdafiəçi “Real”la bütün mümkün ali klub turnirlərində dəfələrlə qalib olub. Alman futbolçunun xəzinəsində “qaymaqlılar”la 3 İspaniya çempionluğu, 1 İspaniya Kral Kuboku, 4 İspaniya Super Kuboku, 4 UEFA Çempionlar Liqası, 4 UEFA Super Kuboku, 5 FIFA Klub Dünya Kuboku – cəmi 21 qəniməti var.
“Hanza Rostok”un yetirməsi olan təcrübəli alman futbolçu “Real”a qədər ölkəsində “Bayern” və “Bayer” klublarının formasını geyinib.
Kroos 2010-cu ilin martında debüt etdiyi Almaniya yığmasının heyətində 106 oyuna 17 qol vurub, 19 məhsuldar ötürmə verib. Toni “bundestim”lə DÇ-2010-da və AÇ-2012-də bürünc medal qazanıb, DÇ-2014-də isə mundialın qalibi olub. Kroos yığma komandada çıxışına 2021-ci ildə xitam verib. O, 2020-ci il Avropa çempionatından dərhal sonra bundestimi tərk etmişdi.
“Transfermarkt” internet-portalı 34 yaşlı alman yarımmüdafiəçinin transfer dəyərini 14 milyon avro məbləğində qiymətləndirir.


