“Tottenhem” islahatlara başladı – 4 futdolçu ilə yollar ayrıldı

“Tottenhem” yay transfer pəncərəsində nəzərdə tutduğu yenidənqurma islahatlarına başlayıb və artıq 4 futbolçusu ilə vidalaşdığını bəyan edib.

Arena.az bu barədə İngiltərə klubunun rəsmi saytına istinadən məlumat verir.

“Mahmızlar” Erik Dayer, İvan Perişiç, Rayan Sessenyon və Yafet Tanqanqanın müqavilələrinin müddətinin başa çatması ilə bu futbolçulardan ayrıldıqlarını bəyan ediblər:

“Biz Erik və İvanla yanvar ayında, onlar icarə əsasında yeni klublarına gedəndə vidalaşmışdıq. 2023/2024-cü illər mövsümünün sonunda isə Rayan və Yafetlə vidalaşırıq.

Erik, İvan, Rayan və Yafetə kluba göstərdikləri xidmətə görə təşəkkür edir və onlara gələcək üçün ən yaxşısını arzulayırıq”, – klubun bəyanatında deyilir.

Xatırladaq ki, Erik Dayer “Bayern”ə, İvan Perişiç isə “Hayduk”a (Split) keçib.

“Tottenhem” İngiltərə Premyer Liqasında 2023/2024-cü illər mövsümünü 66 xalla 5-ci yerdə başa vurub. Bu komanda növbəti mövsümdə Avropa Liqasında mübarizə aparacaq. “Mahmızlar” avstraliyalı mütəxəssis Angelos Postekoqlunun rəhbərliyi altında mövsümə inamla başlasalar da, mövsüm boyu üzləşdikləri çoxsaylı zədələr səbəbindən uğur qazana bilməyib.

Mövsümün başa çatması ilə klub rəhbərliyi baş məşqçi Angelos Postekoqlunun komandanı yenidənqurmaq qərarını dəstəkləyərək, mütəxəssisə bu istiqamətdə geniş transfer səlahiyyətləri verib. Hazırda yununəsilli avstraliyali mütəxəssis “mahmızlar”ın düşərgəsində kütləvi yenidənqurma aparır.

Xəbəri sosial şəbəkələrdə paylaş: