İngiltərənin “Tottenhem” klubunun cənubikoreyalı sol cinah vingeri Hın Min Son Lonton təmsilçisinin yeni kapitanı təyin edilib.
Arena.az bu barədə Premyer Liqa klubunun mətbuat xidmətinə istinadən məlumat verir.
Komandanın ingilis yarımmüdafiəçisi Ceyms Meddison və argentinalı müdafiəçisi Kristian Romero isə vitse-kapitanlar təyin ediliblər.

Xatırladaq ki, bir qədər əvvəl “Tottenhem”in lideri və kapitanı, ingilis mərkəz hücumçusu Harri Keynin Almaniya nəhəngi “Bayern”ə keçidi rəsmiləşib.
Hın Min Son 8 mövsümdür – 2015-ci ildən “Tottenhem”də çıxış edir. Geridə qalmış 2022/2023 mövsümündə o, “mahmızlar”ın heyətində 47 oyuna çıxıb, 14 qol vurub, 6 məhsuldar ötürmə verib. 31 yaşlı futbolçu bu komandada bütövlükdə 372 oyun keçirib, 145 qol və 80 məhsuldar ötürmə müəllifi olub.

Sonun İngiltərə klubu ilə müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Son 2010-cu ildə debüt etdiyi Cənubi Koreya yığmasının heyətində 112 oyun keçirib, 37 qol vurub, 17 məhsuldar ötürmə verib. O, həmçinin yığma komandanın da kapitanıdır.
“Transfermarkt” internet-portalı 31 yaşlı Hın Min Sonu 50 milyon avro məbləğində qiymətləndirir.