Cənubi Azərbaycanın ən məşhur futbol komandası olan “Traktor” İran çempionatının 2024/2025 mövsümündə növbəti matçına çıxıb.
Arena.az xəbər verir ki, Təbriz klubu 15-ci tur çərçivəsində “İstiqlal” komandası ilə qarşılaşıb.
Xorvatiyalı Draqan Skoçiçin çalışdırdığı kollektiv bu rəqiblə doğma meydanda üz-üzə gəlib. “Traktorçular” 2025-ci ilə təsadüf edən ilk oyunlarında darmadağına seviniblər – 3:0. Təbrizlilərə qələbə gətirən qolları Mehdi Şiri (44), Məhəmməd Naderi (46) və Tomislav Ştrkal (88) vurublar.
“Traktor” hazırda 15 oyuna topladığı 32 xalla 16 iştirakçı arasında zirvədə qərarlaşıb. Hesabat turunu xal itkisi ilə başa vurmuş “Sepahan” da 32 xal toplamasına baxmayaraq, ikincidir. Cənubi Azərbaycan təmsilçisi 15 oyunda 10 qələbə qazanıb, 2 heç-heçə edib, 3 məğlubiyyətə üzülüb. Təbriz klubu çempionatdakı növbəti matçını yanvarın 21-də evdə “Mes Rafsancan” komandasına qarşı keçirəcək.


