Trent Aleksander-Arnold cangüdən tutdu

“Liverpul”un ingiltərəli sağ cinah müdafiəçisi Trent Aleksander-Arnold peşəkar cangüdənin xidmətinə müraciət edib.

Arena.az bu barədə “The Sun” dərgisinə istinadən məlumat verir.

Mənbənin məlumatına görə, Trent son bir il ərzində pərəstikarı olan qadın azarkeş tərəfindən təqib olunduqdan sonra şəxsi cangüdəninin xidmətindən istifadə etmək məcburiyyətində qalıb.
Qadın Aleksander-Arnoldun evinə gəlib, futbolçunu “Liverpul”un məşq bazasında, həmçinin Trentin sevimli restoranlarının yanında gözləyib.

Bundan əlavə, Aleksander-Arnoldun pərəstişkarı ona tez-tez zəng edərək intim fotoşəkillər göndərirmiş. Futbolçunun azarkeşi olan bu xanım Aleksander-Arnoldun ailə üzvlərinə də ismarışlar göndərib, amma bu sətirlər ədəbsiz və nalayiq ifadələrdən ibarət olub.

Bu xoşagəlməzliklər səbəbilə Alekander-Arnold mobil telefon nömrəsini dəyişməli, evində videomüşahidə və xəbərdaredici sistemlər quraşdırmalı olub.

“Liverpul”un müvafiq məsələdə futbolçusuna tam dəstək verdiyi vurğulanır.

Trent Aleksander-Arnold “Liverpul”un öz yetirməsidir və 2016-cı ilin iyulundan “qırmızılar”ın əsas komandasında çıxış edir. Onun sözügedən klubla müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Aleksander-Arnold “qırmızılar”ın heyətində bütün yarışlarda 29 oyuna çıxıb, 2 qol vurub, 10 məhsuldar ötürmə verib. Bütövlükdə isə o, bu komandada 302 oyuna 18 qol vurub, 82 assistlə yadda qalıb.

Aleksander-Arnold “Liverpul”la İngiltərə Premyer Liqasını (2019/2020), İngiltərə Kubokunu (2022), İngiltərə Liqa Kubokunu (2022), İngiltərə Super Kubokunu (2023), Çempionlar Liqasını (2018/2019), UEFA Kubokunu (2019/2020), FIFA Klub Dünya Kubokunu (2020) qazanıb.

Trent Aleksander-Arnold 2018-ci ilin iyununda debüt etdiyi İngiltərə yığmasının heyətində 23 oyuna çıxıb, 2 qol vurub, 5 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı 25 yaşlı ingiltərəli sağ cinah müdafiəçisinin transfer dəyərini 70 milyon avro məbləğində qiymətləndirir.