Trent Aleksander-Arnold daha 4 il “Liverpul”da!

İngiltərənin “Liverpul” klubu müdafiəçisi Trent Aleksander-Arnold ilə müqavilənin müddətini artırıb. Arena.az xəbər verir ki, bu barədə Premyer Liqa nəhənginin mətbuat xidməti məlumat yayıb.

22 yaşlı futbolçu ilə 4 illik yeni sözləşmə imzalanıb. Yeni müqaviləyə əsasən, ingilis futbolçu 2025-ci ilin yayına kimi “Liverpul”un uğurları üçün çalışmağa davam edəcək. Britaniya mətbuatının yazdığına görə, Trent həm də bu müqavilə ilə komandasının ən çox qazanan futbolçularından birinə çevrilib.

Trent Aleksander-Arnold “Liverpul”un öz yetirməsidir. O, 2016-cı ildən bu klubun əsas komandasında forma geyinir. İngiltərə millisinin üzvü doğma klubunun forması ilə 179 rəsmi matça çıxıb. Gənc futbolçu zədə səbəbindən bu yay İngiltərə millisinin heyətində AÇ-2020-də iştirak edə bilməmişdi.