“Liverpul”un müdafiəçisi Trent Aleksander-Arnold alman baş məşqçi Yurgen Klopun mövsümün sonunda “qırmızılar”ı tərk etmək qərarını şərh edib.
Arena.az xəbər verir ki, “Liverpul”da vitse-kapitan olan sağ cinah müdafiəçisi Klopun bu qərarını komandanın necə öyrəndiyini və ona necə qarşılıq verdiyini xatırlayıb:
“Klopp bildirdi ki, bu, onun son mövsümüdür və ailəsi ilə vaxt keçirmək üçün fasiləyə ehtiyacı var. Nə edəcəyimi bilmirdim. Bunun zarafat olduğunu düşündük. Bunu heç birimiz gözləmirdik. Klopp otaqdan çıxandan sonra hamı orada oturub “Bu nə idi”, deyə bir-birinə baxırdı”, deyə ingilis futbolçu xatırlayıb.
Aleksander-Arnold alman mütəxəssisin ayrılacağını açıqlamasının “qırmızılar”a əlavə motivasiya verib-vermədiyindən də söz açıb:
“Bəli, əlbəttə ki, belə idi. Bu, vacib xəbər idi, amma biz peşəkarlar olaraq tez bir zamanda fikirlərimizi toplayıb irəli getməyə qərarlı olduq”.
Aleksander-Arnold qazandığı qənimətlərdən ən çox hansı kuboka dəyər verdiyini də açıqlayıb. İngilis futbolçunun bu barədə fikirlərini təqdim edirik:
“Çempionluğu qazanmaq bizim üçün daha çətin idi, amma deyərdim ki, UEFA Çempionlar Liqasını qazandığımız andakı duyğular başqa səviyyədə idi. Divok qol vurduqda (Çempionlar Liqasının finalında “Tottenhem”ə ikinci qol – redaktorun qeydi) mən futbolda yaşadığım ən yaxşı hissi keçirdim”, deyə Aleksander-Arnold məmnunluqla xatırlayıb.
Trent Aleksander-Arnold “Liverpul”un öz yetirməsidir və 2016-cı ilin iyulundan “qırmızılar”ın əsas komandasında çıxış edir. Onun klubla müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövsümdə Aleksander-Arnold “qırmızılar”ın heyətində bütün yarışlarda 29 oyuna çıxıb, 2 qol vurub, 10 məhsuldar ötürmə verib. Bütövlükdə isə o, bu komandada 302 oyuna 18 qol vurub, 82 assistlə yadda qalıb.
Aleksander-Arnold “Liverpul”la İngiltərə Premyer Liqasını (2019/2020), İngiltərə Kubokunu (2022), İngiltərə Liqa Kubokunu (2022), İngiltərə Super Kubokunu (2023), Çempionlar Liqasını (2018/2019), UEFA Kubokunu (2019/2020), FIFA Klub Dünya Kubokunu (2020) qazanıb.
Trent 2018-ci ilin iyununda debüt etdiyi İngiltərə yığmasının heyətində 23 oyuna çıxıb, 2 qol vurub, 5 məhsuldar ötürmə verib.
“Transfermarkt” internet-portalı 25 yaşlı nüdafiəçinin transfer dəyərini 70 milyon avro məbləğində qiymətləndirir.