“Liverpul”un sağ cinah müdafiəçisi Trent Aleksander-Arnold futboldakı əsas məqsədi ilə bağlı sualı cavablayaraq, iddiasını ortaya qoyub.
Arena.az “Sky Sports” dərgisinə istinadən, ingilis futbolçunun bu barədə fikrini təqdim edir:
“Mən futbol əfsanəsi, oyunu dəyişmiş bir adam olmaq istəyirəm. Mənim şah ifadəm belədir: “Oyunda iştirak etmə, amma onu dəyiş”. Mən yaddaşlada, futbol oynamış ən böyük sağ cinah müdafiəçisi kimi qalmaq istəyirəm. Ulduzlara çatmaq istəyirəm.
Mən deyərdim ki, “Qızıl top”u qazanmaq Dünya Kubokunda qalib olmaqdan daha vacibdir. İnanıram ki, bunu bacararam. Mən buna nail olacaq ilk müdafiəçi olmaq istəyirəm”, deyə Aleksander-Arnold vurğulayıb.
Xatırladaq ki, ingilis cinah müdafiəçisi İspaniya nəhəngi “Real”ın maraq dairəsindədir.
Trent Aleksander-Arnold “Liverpul”un yetirməsidir və 2016-cı ilin iyulundan “qırmızılar”ın əsas komandasında çıxış edir. İngilis futbolçunun Mersisayd klubu ilə cari müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər nəzərdə tutulub.
Cari mövsümdə Aleksander-Arnold “qırmızılar”ın heyətində bütün yarışlarda 11 oyuna çıxıb, 2 məhsuldar ötürmə verib.
Aleksander-Arnoldun “Liverpul”un heyətində çıxışının ümumi mənzərəsi 321 oyun, 19 qol və 83 məhsuldar ötürmədən ibarətdir.
Aleksander-Arnold “Liverpul”la İngiltərə Premyer Liqasını (2019/2020), İngiltərə Kubokunu (2022), İngiltərə Liqa Kubokunu (2022, 2024), İngiltərə Super Kubokunu (2023), Çempionlar Liqasını (2018/2019), UEFA Kubokunu (2019/2020), FIFA Klub Dünya Kubokunu (2020) qazanıb.
Trent 2018-ci ilin iyununda debüt etdiyi İngiltərə yığmasının heyətində 33 oyuna çıxıb, 4 qol vurub, 6 məhsuldar ötürmə verib.
“Transfermarkt” internet-portalı 26 yaşlı nüdafiəçinin transfer dəyərini 70 milyon avro məbləğində qiymətləndirir.