Trent-Aleksander Arnold zədələndi – təfərrüat niyə gizlədilir?

Premyer Liqanın “Aston Villa” ilə 11-ci tur ev oyunu (2:0) “Liverpul”un sağ cinah müdafiəçisi Trent Aleksander-Arnold xoşagəlməz bitib.

Arena.az məlumat verir ki, ingilis müdafiəçi bu oyunda zədələnərək, 25-ci dəqiqədə şimaliirland həmkarı Konor Bredli ilə əvəzlənib.

Hazırda Aleksander-Arnoldun zədəsinin xüsusiyyəti məlum deyil, amma “Liverpul”un baş məşqçisi, niderlandlı mütəxəssis Arne Slot mətbuat konfransında futbolçunun İngiltərə yığması üçün qarşıdakı oyunlarda oynaya bilməyəcəyini qətiyyətlə bildirib.

Niderlandlı mütəxəssisin müvafiq bəyanatla inandırıcı çıxışı isə mətbuatda birmənalı qarşılanmayıb. Belə ki, burada maraqların toqquşması istisna edilmir. Məsələ bundadır ki, 2025-ci ilin yayında Aleksander-Arnoldu azad agent qismində öz heyətinə qatmağa çoxdan ümid bəsləyən “Real”, ingilis müdafiəçiyə ciddi maraq göstərir. Hazırda İspaniya mətbuatı yazır ki, Madrid klubu çoxsaylı zədələr səbəbindən qarşıdakı qış transfer pəncərəsində “Liverpul”un məzununu satın almağa hazırdır.

Trent Aleksander-Arnold “Liverpul”un yetirməsidir və 2016-cı ilin iyulundan “qırmızılar”ın əsas komandasında çıxış edir. İngilis futbolçunun Mersisayd klubu ilə cari müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər nəzərdə tutulub.

Cari mövsümdə Aleksander-Arnold “qırmızılar”ın heyətində bütün yarışlarda 15 oyuna çıxıb, 2 məhsuldar ötürmə verib.

Aleksander-Arnoldun “Liverpul”un heyətində çıxışının ümumi mənzərəsi 325 oyun, 19 qol və 83 məhsuldar ötürmədən ibarətdir.

Aleksander-Arnold “Liverpul”la İngiltərə Premyer Liqasını (2019/2020), İngiltərə Kubokunu (2022), İngiltərə Liqa Kubokunu (2022, 2024), İngiltərə Super Kubokunu (2023), Çempionlar Liqasını (2018/2019), UEFA Kubokunu (2019/2020), FIFA Klub Dünya Kubokunu (2020) qazanıb.

Trent 2018-ci ilin iyununda debüt etdiyi İngiltərə yığmasının heyətində 33 oyuna çıxıb, 4 qol vurub, 6 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı 26 yaşlı nüdafiəçinin transfer dəyərini 70 milyon avro məbləğində qiymətləndirir.