“Trua” 2.6 milyona futbolçu aldı, öz vingeri ilə vidalaşdı

Futbol üzrə Fransa çempionatında (Liqa 1) mübarizə aparan “Trua” klubu heyətini yeni futbolçu ilə gücləndirib. Arena.az xəbər verir ki, sözügedən klub Almaniyanın “Ştutqart” komandasında forma geyinən yarımmüdafiəçi Aleksis Tibidini transfer edib.

Bu barədə Fransa klubunun rəsmi saytı məlumat yayıb. Liqa 1 təmsilçisi bu transfer üçün almanlara 2.6 milyon avro ödəyib. 19 yaşlı futbolçu ilə müddəti 2027-ci ilin 30 iyununa qədər olan müqavilə imzalanıb.

Fransada dünyaya göz açan, Kamerun vətəndaşlığı da olan Aleksis Tibidi “Tuluza”nın yetirməsidir. O, 2021-ci ilin iyul ayında “Ştutqart”a transfer olunmuşdu. Sol cinah vingeri bu mövsümün əvvəlində Avstriyanın “Altax” klubuna icarəyə verilmişdi. O, “Altax”da 18 oyuna 5 qol vurub, 1 məhsuldar ötürmə müəllifi olub. Gənc futbolçu “Ştutqart”ın əsas komandaısnda da 13 oyun keçirib. Fransanın U-17 yığmasında oynamış yarımmüdafiəçi, hazırda U-20-yə dəvət alır.

Tibidinin gəlişindən sonra “Trua” öz yarımmüdafiəçisi Nassim Çadli ilə vidalaşıb. Mərakeşdən olan 21 yaşlı vinger Fransanın digər klubu “Havr”a transfer olunub. O, yeni klubu ilə 2025-ci ilin 30 iyununa kimi anlaşıb. “Havr”ın bu transfer üçün qarşı tərəfə nə qədər vəsait ödədiyi açıqlanmır.

Fransada dünyaya göz açmış Nassim Çadli “Nim” klubunun yetirməsidir. O, 2021-ci ilin iyul ayında “Trua”ya transfer edilmişdi. Bu komandada cəmi 9 matç keçirmiş futbolçu qol və məhsuldar ötürmə ilə yadda qalmayıb. Bu mövsümün ilk dövrəsini isə o, “Lommel”də icarədə keçirib. Hansı ki, Belçika komandasında 15 oyuna 1 qol vurub və 2 məhsuldar ötürmə edib.

Xəbəri sosial şəbəkələrdə paylaş: