2026/2027-ci illər mövsümünə Türkiyədə hazırlaşan “Turan Tovuz” bu gün qardaş ölkədəki hazırlıq çərçivəsində növbəti yoxlama oyununu keçirib.
Arena.az xəbər verir ki, Tovuz təmsilçisi Türkiyə klubu “İğdır” ilə qarşılaşıb.
Oyun Azərbaycan komandasının 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Matçdakı yeganə qolu Jo Batista vurub.
Xatırladaq ki, “Turan Tovuz” Türkiyədəki hazırlıq prosesi çərçivəsində buna qədər iki yoxlama oyunu keçirmişdi. Kurban Berdıyevin rəhbərlik etdiyi komanda İranın U-21 millisi ilə və Türkiyənin “Fatih Karagümrük” kollektivləri ilə qarşılaşmışdı. Hər iki oyunda 1:1 hesablı heç-heçə qeydə alınmışdı.
Tovuz təmsilçisi Azərbaycan Premyer Liqasının yeni mövsümünün ilk turunda “Qəbələ” ilə qarşılaşacaq. Bu oyun avqustun 14-də Tovuzda keçiriləcək.
Berdiyevin komandası ötən mövsümü bürünc medalçı kimi başa vurub.


