“Turan Tovuz” futbol üzrə Azərbaycan çempionatının (Premyer Liqa) 2025/2026-cı illər mövsümündə 14-cü qələbəsini qazanıb.
Arena.az xəbər verir ki, qərb təmsilçisi evdə “Qəbələ”ni 3:2 hesabı ilə məğlub edib.
Tovuz klubu bununla da Premyer Liqada bir mövsümdəki qələbə sayında öz rekordunu təkrarlayıb. 4-cü dəfə yüksək dəstədə mübarizə aparan komanda ötən mövsümdə də 14 dəfə qalib gəlmişdi. Çempionatın sonuna 8 tur qalmış bu rekorda çatmış əyalət təmsilçisi növbəti qələbə ilə göstəricini yeniləyəcək.
Xatırladaq ki, “Turan Tovuz” cari mövsümdə keçirdiyi 25 oyunda 14 qələbə qazanmaqla yanaşı, 6 dəfə heç-heçə edib, 5 dəfə məğlubiyyətə üzülüb. Tovuzlular hazırda 48 xalla Premyer Liqanın yarış cədvəlində 12 iştirakçı arasında 3-cü pillədə qərarlaşıblar.


