Daha əvvəl hakimə qarşı yolverilməz davranışın yaşandığı Türkiyə futbolunda ədalət təmsilçisinə qarşı daha bir xoşagəlməz hadisə yaşanıb.
Arena.az bu barədə “Aykırı” dərgisinə istinadən məlumat verir.
Türkiyə Həvəskərlar Liqasının “Kumçatıspor” – “Cizre Dicle Spor” oyununun 90-cı dəqiqəsində hesab 2:1 qonaqların xeyrinə ikən, “Kumçatıspor” futbolçuları hakimlə mübahisəyə qalxıblar. Mübahisə böyüyüb və əlbəyaxaya keçib. Hakimə əl qaldırılıb, bu arada komandalar bir-birinə giriblər. Söyüş, əl-qol, biabırçılıqla müşayiət edilən mübahisənin miqyası böyüyərək, açıq davaya keçib. Meydana polis girib və böyüyən münaqişənin miqyasını önləməyə çalışıb. Bu arada xuliqan azarkeşlər “Cizre Dicle Spor” komandasının avtobusunu daşqalaq ediblər, nəqliyyat vasitəsinin şüşələri sındırılıb, gövdəsi əzilib. Polis dalaşan tərəfləri ayırmağa və vəziyyəti nəzarətə götürməyə müvəffəq olub. Amma buna qədər oyunun yardımçı hakimi Veysel Samsak döyülüb və burnu sındırılıb.
Xatırladaq ki, bu hadisə Türkiyədə oyunun ədadlət təmsilçilərinə qarşı ilk yolverilməz davranış deyil. Mütəmadi olaraq qardaş ölkədə belə çılğın hadisələr yaşanır.
Bir müddət əvvəl “Ankaragücü”nün prezidenti Faruk Koca Türkiyə çempionatının “Rizəspor”la oyunundan (1:1) sonra baş hakim Halil Umut Meleri yumruqla vurmuşdu. Üstəlik, hakimin döyülməsində təkcə klub prezidenti deyil, komanda nümayəndələri də iştirak etmişdilər. Daha sonra “Ankaragücü”nün “qoçu” prezidenti polis tərəfindən həbs edilib və çox keçmədən üzr istəyib və istefa verib. Türkiyə Futbol Federasiyası (TFF) daha sonra Faruk Kocanı ömürlük futboldan uzaqlaşdırılıb. Koca həmçinin dövlət qulluqçusuna bədən xəsarəti yetirməkdə ittiham edilərək məhkəmə qarşısına çıxarılıb.



