17 yaşadək qızlardan ibarət futbol üzrə Azərbaycan millisi (U-17) bu gün Avropa çempionatının seçmə mərhələsində son matçına çıxıb.
Arena.az xəbər verir ki, yığmamız birinci seçmə mərhələdəki ikinci oyununda Lüksemburq seçməsi ilə qarşılaşıb.
Görüş Lüksemburqun Bettemburq şəhərində yerləşən “Munisipial” stadionunda təşkil olunub. B Liqasının 5-ci qrupunda yer alan U-17 millimiz meydan sahiblərinin müvafiq yaş qrupundan ibarət komandasına 3 cavabsız qolla uduzub.
Xatırladaq ki, Azərbaycan millisi bu qrupdakı ilk oyununda Serbiya yığmasına da 0:10 hesabıyla uduzmuşdu. Bu məğlubiyyətlər nəticəsində komandamız qrup sonuncusu olub və mübarizəni erkən dayandırıb.
AÇ-2025-in birinci seçmə mərhələsi
B Liqası, 5-ci qrup
2 noyabr
Azərbaycan – Lüksemburq 0:3
Baş hakim: Mzevinari Sharashanidze (Gürcüstan)
Baş hakimin köməkçiləri: Sopo Tsulaia (Gürcüstan), Maria Detsi (Yunanıstan)
Dördüncü hakim: Eirini Pingiou (Yunanıstan)
Bettemburq. “Munisipial” stadionu.


