UEFA AÇ-2024-də VAR-ın necə işləyəcəyini açıqladı

UEFA bu il Almaniyada keçiriləcək Avropa çempionatında (AÇ-2024) VAR sisteminin necə fəaliyyət göstərəcəyini açıqlayıb.

Arena.az məlumat verir ki, VAR-a ilk dəfə olaraq qoşulmuş top texnologiyası, oyundankənar vəziyyətləri yarımavtomatik aşkarlama sistemi (SAOT) və qol aşkarlama texnologiyasının əlavə ediləcəyi bildirilir.

Yarışın rəsmi topu gerçək vaxt ərzində dəqiq məlumatları təmin edən hərəkət sensorları ilə təchiz edildiyindən, bunun oyunun hakimlərinə və VAR-ların topa hər toxunuşunu müəyyən etməyə kömək etdiyi, oyundankənar vəziyyət, əl ilə oyun və penalti vəziyyətlərinin qiymətləndirilməsinə sərf edilən vaxtı azaltdığı deyilir. Müvafiq məlumatlar, həmçinin evdəki azarkeşlərin meydandakı oyunçular qədər faydalanmasını təmin etmək üçün televiziya qrafikası və vizualizasiya yaratmaq üçün istifadə ediləcək.

Xatırladaq ki, Avropa çempionatının final mərhələsi 2024-cü il iyunun 14-dən iyulun 14-dək Almaniyada keçiriləcək. Yarışın oyunlarına 10 şəhərin 10 stadionu ev sahibliyi edəcək.

Avropa çempionatının hazırkı qalibi AÇ-2020-nin finalında Londonun “Uembli” stadionunda İngiltərə yığmasını məğlub etmiş İtaliya komandasıdır. Həmin finalın taleyini “skuadra adzurra” penaltilər silsiləsində öz xeyrinə həll etmişdi – 3:2 (əsas və əlavə vaxt: 1:1).

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: