Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında (ÇL) 2023/2024 mövsümünün pley-off mərhələsinə yekun vurulub.
Arena.az xəbər verir ki, sonuncu oyun günündə ÇL-in qrup mərhələsinə sonuncu 3 vəsiqənin sahibi müəyyənləşib.
Belçika “Antverpen”i ilk oyunda məğlub etdiyi Yunanıstan AEK-inə Afinada da qalib gəlib və növbəti mərhələyə yüksəlib.
Danimarka “Kopenhagen”i Azərbaycan çempionu “Qarabağ”ı UEFA Çempionlar Liqasından kənarlaşdırmış Polşa “Rakuv”u ilə bu dəfə doğma meydanda üz-üzə gəlib. “Kopenhagen” səfərdə məğlub etdiyi bu rəqibi ilə evdə sülh bağlayıb və qrup mərhələsinə vəsiqə qazanıb.
Niderland təmsilçisi PSV isə səfərdə “sülh” bağladığı “Reyncers”ə (Şotlandiya) doğma meydanda böyük hesabla qalib gəlib.
Beləliklə, UEFA Çempionlar Liqasında pley-off mərhələsinə yekun vurulub.
UEFA Çempionlar Liqası
Pley-offun cavab oyunları
29 avqust
“Qalatasaray” (Türkiyə) – “Molde” (Norveç) 2:1 (ilk oyun 3:2)
“Panatinaikos” (Yunanıstan) – “Braqa” (Portuqaliya) 0:1 (1:2)
“Yanq Boyz” (İsveçrə) – “Makkabi” (Hayfa, İsrail) 3:0 (0:0)
30 avqust
AEK (Afina, Yunanıstan) – “Antverpen” (Belçika) 1:2 (0:1)
“Kopenhagen” (Danimarka) – “Rakuv” (Polşa) 1:1 (1:0)
PSV (Niderland) – “Reyncers” (Şotlandiya) 5:1 (2:2)


