Avropa Liqasında və Konfrans Liqasında yarımfinal mərhələsinin cavab oyunlarından sonra həftənin oyunçusu adına namizədlər açıqlanıb. Arena.az xəbər verir ki, qitənin daha nüfuzlu klub turniri olan UEFA Çempionlar Liqasında da həftənin oyunçusu adına namizədlər məlumdur.
Bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb. Ənənəvi olaraq, yenə hər turnir üzrə həftənin ən yaxşı oyunçusu seçilməyə dörd namizəd var.
Avropa Liqasında namizədlər bunlardır: Nemanya Matiç (“Roma”), Adam Hlojek (“Bayer”), Yussuf En Nesiri (“Sevilya”) və Adrien Rabyo (“Yuventus”).
Nemanya Matiç “Feyenoord”a 4:1 hesabıyla qalib gəldikləri oyunda 87 faizlik dəqiq ötürmələri ilə diqqət mərkəzinə düşüb.
Adam Hlojek “Yunion”a 4:1 hesabıyla qalib gəldikləri səfər matçında 1 qol vurub, 1 məhsuldar ötürmə müəllifi olub.
Yussuf En Nesiri “Mançester Yunayted”i 3:0 hesabıyla məğlub etdikləri matçda dubla imza atıb.
Adrien Rabyo isə “Sportinq”lə səfər matçında (1:1) komandasının yeganə qolunu vurub.
Konfrans Liqasında da Yesper Karlström (“Lex”), Maykl Antonio (“Vest Hem”), Vangelis Pavlidis (“Alkmaar”) və Jan-Kevin Auqustin (“Bazel”) həftənin ən yaxşısı adına namizəddirlər.
Yesper Karlström “Fiorentina”ya 3:2 hesabıyla qalib gəldikləri səfər oyununda 1 qol vurub.
Maykl Antonio “Gent” üzərindəki 4:1 hesablı darmadağına 2 qolla töhfə verib.
Vangelis Pavlidis “Anderlext”i 2:0 hesabıyla görüşdə komandasının hər iki qolunun müəllifi olub.
Jan-Kevin Auqustin isə “Nitsa”nı 2:1 hesabıyla yendikləri səfər matçında 1 qola imza atıb.
ÇL-də həftənin fərqlənənləri
Çempionlar Liqasında da Federiko Valverde (“Real”), Lautaro Martines (“İnter”), Rafael Leao (“Milan”) və Kevin de Bruyne (“Mançester Siti”) həftənin ən yaxşısı seçilə bilər.
Federiko Valverde “Çelsi”ni səfərdə 2:0 hesabıyla məğlub etdikləri matçda 11 km-dən çox məsafə qət edib, 1 assist edib və 89 faizlik dəqiq ötürmə ilə yadda qalıb.
Lautaro Martines “Benfika” ilə 3:3 hesablı heç-heçəyə 1 qol və 1 assistlə töhfə verib.
Rafael Leao “Napoli” ilə heç-heçə etdikləri matçda 1 məhsuldar ötürmə müəllifi olub.
Kevin de Bruyne də “Bayern”lə 1:1 hesablı heç-heçə etdikləri səfər matçında 11 km-dən çox məsafə qət edib, 1 qol ötürməsi verib və 82 faizlik dəqiqə ötürmə ilə yadda qalıb.
Qeyd edək ki, hər üç turnir üzrə qaliblər UEFA-nın rəsmi saytında azarkeşlər arasında aparılan səsvermənin yekununda bəlli olacaq.


