UEFA “Qarabağ”a Avropa Liqasının qrup mərhələsində qazandığı qələbələrə görə pul ödəyib. Arena.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.
Xəbərdə bildirilir ki, komandanın Avroliqanın qrup mərhələsində qazandığı qələbələrə görə (Performance bonus) UEFA tərəfindən ayrılmış 1.294.000 avro maliyyə vəsaiti AFFA-nın vasitəçiliyi ilə Ağdam klubunun hesabına köçürülüb.
Xatırladaq ki, “Qarabağ” Avropa Liqasının qrup mərhələsində Fransanın “Nant” komandasını evdə, Yunanıstan “Olimpiakos”unu isə səfərdə 3:0 hesabıyla məğlub edib. “Olimpiakos”la doğma meydanda heç-heçə edən Ağdam təmsilçisi, daha iki görüşdə də məğlub olub və hazırda 7 xalla yer aldığı G qrupunda ikinci pillədə qərarlaşıb. Azərbaycan çempionu qrup mərhələsindəki sonuncu matçını noyabrın 3-də Bakıda, Tofiq Bəhramov adına Respublika stadionunda Almaniyanın “Frayburq” komandasına qarşı keçirəcək. Qurban Qurbanovun komandası son oyunda qələbə qazanmaqla “kassa”sını daha da zənginləşdirə bilər.


