“Neftçi”, “Zirə” və “Qarabağ”ın ötən gün avrokuboklardakı qələbə və heç-heçələri sayəsində Azərbaycanın UEFA reytinqindəki əmsalı daha da artıb.
Arena.az xatırladır ki, ötən gün “Qarabağ” Avropa Liqasında Bolqarıstan ÇSKA-sına (Sofiya) iki oyunun (0:0, 0:0, penaltilər 4:5) nəticəsinə əsasən məğlub olub.
Amma növbəti heç-heçə ölkə reytinqinə 0,125 əmsal gətirib.
“Zirə” də Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsində Estoniyanın “Payde” komandasına (0:1, 1:1) iki oyunun nəticəsinə əsasən uduzaraq mübarizəni dayandırıb. Amma zirəlilər də ötəngünkü heç-heçə sayəsində 0,125 əmsal qazandırıblar.
“Neftçi” isə Belarus təmsilçisi “Dinamo”ya (Minsk) səfər oyununda 1:0 hesabıyla qalib gəlib. İlk oyundakl 2:4 hesablı məğlubiyyət səbəbindən “ağ-qaralar” avrokuboklarla erkən vidalaşıblar. Amma işə yaramayan qələbə ən azından ölkəmizə 0,250 əmsal qazandırıb.
Bu nəticələrdən sonra Azərbaycanın UEFA reytinqindəki mövqeyində dəyişiklik baş verməyib. Ölkəmiz hazırda 21,187 əmsalla 26-cı pillədə qərarlaşıb. 25-ci yerdəki İsrailin 22,125, 27-ci mövqedəki Slovakiyanın 19,875 əmsalı var.
UEFA reytinqində İngiltərə 101,852 əmsalla vahid liderdir. İtaliya (87,660) ikinci, İspaniya (82,368), Almaniya (80,116) dördüncü, Fransa (67,653) beşinci yerdə qərarlaşıb.
Bu mövsüm Azərbaycan klublarının qazandıqları əmsal (2,625) bölgüsü belədir:
“Sabah”: 4 qələbə – 1,000
“Qarabağ”: 2 qələbə, 2 heç-heçə – 0,750
“Zirə”: 2 qələbə, 1 heç-heçə – 0,625
“Neftçi”: 1 qələbə – 0,250


