UEFA dünən Avropa Liqası və Konfrans Liqasında keçirilmiş oyunlarda qeydə alınan nəticələrə əsasən ölkələrin reytinqini yeniləyib.
Arena.az xəbər verir ki, Azərbaycan da əmsallar cədvəlində xal ehtiyatını artıra bilib.
Buna “Qarabağ”ın Konfrans Liqasının 3-cü təsnifat mərhələsinin cavab oyununda Kiyev “Dinamo”sunu evdə 2:0 hesabı ilə məğlub etməsi şərait yaradıb. Qurban Qurbanovun baş məşqçisi olduğu komanda ölkəmizin hesabına daha 0,250 əmsal əlavə edib.
Nəticədə cari mövsümdə qazanılmış əmsal 3,125-ə yüksəlib. Bunun 1,250 əmsalı “Sabah”ın, 1,000-i “Qarabağ”ın, 0,625-i “Zirə”nin, 0,250-si isə “Neftçi”nin payına düşür.
Hazırda ölkəmizin ümumi əmsal ehtiyatı 21,687-yə bərabərdir. Qitə sıralamasında 26-cı yerdə olan Azərbaycanın mövqeyi dünənki oyunlardan sonra dəyişməyib. Ən yaxın izləyicimiz isə başqadır. Bolqarıstanı geridə qoyan Slovakiyanın 20,500 əmsalı var. Bir pillə öndə – 25-ci yerdə qərarlaşmış Sloveniyanın ümumi qazancı isə 22,718-də qalıb.
UEFA reytinqində İngiltərə 101,852 əmsalla vahid liderdir. İtaliya (87,660) ikinci, İspaniya (82,368), Almaniya (80,116) dördüncü, Fransa (67,653) beşinci yerdə qərarlaşıb.


