UEFA ötən gün Avropa Liqası və Konfrans Liqasında keçirilən oyunlarda qeydə alınmış nəticələrə əsasən ölkələrin reytinqini yeniləyib.
Arena.az xəbər verir ki, Azərbaycan da əmsallar cədvəlində xal ehtiyatını artıra bilib.
Buna “Qarabağ”ın Avropa Konfrans Liqasının pley-off mərhələsinin ilk oyununda “Tvente”ni Niderlandda 1:0 hesabıyla üstələməsi şərait yaradıb. Qurban Qurbanovun baş məşqçisi olduğu komanda ölkəmizin hesabına daha 0,250 əmsal əlavə edib. Nəticədə cari mövsümdə qazanılan əmsal 3,375-ə yüksəlib. Bunun 1,250 əmsalı “Sabah”ın, 1,250-si “Qarabağ”ın, 0,625-i “Zirə”nin, 0,250-si isə “Neftçi”nin payına düşür.
Hazırda ölkəmizin ümumi əmsal ehtiyatı 21,937-yə bərabərdir. Qitə sıralamasında 26-cı yerdə olan Azərbaycanın mövqeyi dünənki oyunlardan sonra dəyişməyib. Ən yaxın izləyicimiz Slovakiyanın 20,625 əmsalı var. Bir pillə öndə – 25-ci yerdə qərarlaşan Sloveniyanın ümumi qazancı isə 22,843-ə bərabərdir.
UEFA reytinqində İngiltərə 101,907 əmsalla vahid liderdir. İtaliya (87,732) ikinci, İspaniya (82,493), Almaniya (80,259) dördüncü, Fransa (68,010) beşinci yerdə qərarlaşıb.


