Uelbek daha 1 il “Brayton”da

İngiltərənin “Brayton” klubu hücumçusu Denni Uelbek ilə müqavilənin müddətini artırıb. Arena.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

30 yaşlı futbolçu ilə yeni sözləşmənin müddəti 2022-ci ilin yayına qədərdir.

Uelbek 2020-ci ilin oktyabrından “Brayton”da çıxış edir. Hücumçu ötən mövsüm Premyer Liqa çərçivəsində meydana çıxdığı 24 oyunda 6 qol vurub, 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Qeyd edək ki, “Mançester Yunayted”in yetirməsi olan Uelbek, qısa müddət “Preston Norz End” və “Sanderlend”də icarədə də oynayıb. 2014-2019-cu illər aralığında isə o, “Arsenal”ın uğurları üçün çalışıb. “Arsenal”dan ayrılandan sonra isə o, “Uotford”da forma geyinirdi.

İngiltərə yığmasında 42 oyun keçirmiş forvard, 16 qola imza atıb.

Sonda onu da qeyd edək ki, “Brayton” yarımmüdafiəçisi David Pröpperlə də yollarını ayırdığını açıqlayıb. 29 yaşlı niderlandlı futbolçu sabiq klubu PSV-yə qayıtmağa qərar verib. İngiltərə təmsilçisi ona xidmətlərinə görə təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb. Niderland yığmasında da oynamış Pröpper 2017-ci ildən “Brayton”un uğurları üçün çalışırdı.