İngiltərənin “Şeffild Yunayted” klubunun danimarkalı hücumçusu Uilyam Osula bundan sonra “Nyukasl Yunayted”in uğurları üçün çalışacaq.
Arena.az xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisi rəsmi saytı vasitəsilə məlumat yayıb.
“Nyukasl Yunayted” bu keçidi 11,6 milyon avroya rəsmilşdirib. 21 yaşlı forvard yeni klubu ilə 5 illik (2029-cu ilin 30 iyununa qədər) müqavilə bağlayıb.
Futbola Danimarkanın “Kopenhagen” klubunda başlamış Uilyam Osula 2018-ci ildən “Şeffild Yunayted”in sıralarında idi. O, bu klubun əsas komandasında 31 oyuna çıxıb, 3 qola imza atıb. Hücumçu 2022/2023 mövsümündə “Derbi Kaunti”də icarədə də oynayıb.
Osila Danimarkanın U-21 yığmasında forma geyinsə də, hələ əsas millidə debüt şansı qazanmayıb.
Yeri gəlmişkən, “Nyukasl Yunayted” yarımmüdafiəçisi Matt Ritçi ilə yollarını ayırıb. 34 yaşlı futbolçu azad agent kimi “Portsmut”a keçib. O, köhnə-yeni klubu ilə 2 illik müqaviləyə imza atıb.
Matt Ritçi məhz “Portsmut”un yetirməsidir. O, “Daqenem end Redbric”, “Notts Kaunti”, “Suindon Taun”, “Bornmut” kimi klublarda da forma geyinib. 2016-cı ildən “Nyukasl Yunayted”in uğurları üçün çalışan Ritçi, bu komandanın heyətində 215 oyuna çıxıb, 25 qol vurub, 32 məhsuldar ötürmə müəllifi olub.
Matt Ritçi 2015-ci ildə Şotlandiya yığmasında debüt edib. O, millidə 16 oyun keçirib, 3 qol vurub, 4 assistlə yadda qalıb.
Oliver Makbörni də “Las Palmas”a üz tutdu
Osulanı “Nyukasl Yunayted”ə satan “Şeffild Yunayted”in digər hücumçusu Oliver Makbörni də İspaniyanın “Las Palmas” klubuna keçib. 28 yaşlı şotland forvard La Liqa təmsilçisi ilə azad agent kimi 3 illik müqavilə bağlayıb.
Oliver Makbörni “Bredford”, “Çester Siti”, “Suonsi Siti”, “Nyuport Kaunti”, “Bristol Rovers”, “Barnsli” kimi klublarda da oynayıb. 28 yaşlı hücumçu 2019-cu ildən formasını geyindiyi “Şeffild Yunayted”də 159 oyuna 29 qol vurub, 7 assist edib. Şotlandiyanın U-19 və U-21 yığmalarının keçmiş üzvü 2018-ci ildən əsas millidə çıxış edir. Amma o, yığmanın heyətində keçirdiyi 17 oyunda heç bir məhsuldar göstərici ilə yadda qalmayıb.
“Las Palmas” İngiltərənin “Nottingem Forest” klubundan azad agent kimi ayrılmış şotland mərkəz müdafiəçisi Skott Makkennanı da heyətinə qatıb. 27 yaşlı futbolçu La Liqa təmsilçisi ilə 3 illik müqaviləyə imza atıb.
“Aberdin”in yetirməsi olan Skott Makkenna “Er Yunayted”, “Allo Atletik”, “Kopenhagen” kimi klublarda da forma geyinib. Müdafəçi 2020-ci ildən oynadığı “Nottingem Forest”də 106 oyuna 3 qol və 4 assist müəllifi olub.
Makkenna da Şotlandiyanın aşağı yaş qrupları üzrə yığmalarında oynayıb. 2018-ci ilin martından isə o, əsas millidə çıxış edir. Müdafiəçi yığmanın heyətində 37 oyuna 1 qol vurub, 1 assist edib.
“Las Palmas” dayaq yarımmüdafiəçisi Omenuke Mfulu ilə də yollarını ayırıb. Konqolu futbolçu azad agent kimi “Deportivo”ya keçib. 30 yaşlı futbolçu yeni klubu ilə 2 illik müqavilə bağlayıb. O, 2021-ci ildən formasını geyindiyi “Las Palmas”da 69 oyun keçirib, 1 assistlə yadda qalıb. Yarımmüdafiəçi daha öncə “Srvena Zvezda”, “Elçe” və “Reyms” kimi klublarda da oynayıb, Konqo Demokratik Respublikasının yığma komandasında 7 oyun keçirib.


