“Uiqan”ın sosial şəbəkə hesabı sındırıldı, qadın şəkli yerləşdirildi

İngiltərənin “Uiqan” klubunun sosial şəbəkələrdəki rəsmi səhifəsi sındırılıb və orada naməlum qadının bir neçə fotoşəkili yerləşdirilib.

Arena.az məlumat verir ki, bu gündən etibarən “Uiqan”ın “İnstaqram”dakı rəsmi səhifəsi artıq klub sahiblərinin nəzarətinə qayıdıb.

İndi orada heç bir kənar görüntü yoxdur. Klub hadisənin təfərrüatına varmayıb. Amma araşdırma getdiyi məlumdur.

“Uiqan Atletik” üçüncü ən yüksək İngiltərə futbol divizionu olan Liqa 1-də (League One) çıxış edir. Ötən mövsüm bu komanda Çempionşipdə 24-cü yeri tutaraq, Liqa 1-ə yuvarlanmışdı.

Hazırda sözügedən kollektiv Liqa 1-in 20 turundan sonra 23 xalla turnir cədvəlində 14-cü pillədə qərarlaşıb. Maliyyə problemləri səbəbindən klub 8 turnir xalından məhrum edilib. “Latiks” 9 qələbə qazanıb, 4 heç-heçə edib, 7 məğlubiyyət alıb. Komandanın top fərqi isə 30:23 nisbətindədir.

“Transfermarkt” internet-portalı “Uiqan Atletik”i 9,1 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: