İspaniya yığmasının və “Atletik”in qapıçısı Unai Simon komanda yoldaşı, millinin hücumçusu Niko Uilyams haqda danışıb.
Arena.az xatırladır ki, mətbuatda bir çox yüksək səviyyəli klubların ispan vingerlə maraqlanması haqda şayiələr yayılıb.
Unai Simon bu xəbərlərə belə münasibət bildirib:
“Hələlik o, “Atletik”in oyunçusudur. Onu “Atletik”in forması ilə, milli komandanın forması ilə görəndə, paltardəyişmə otağını onunla bölüşəndə çox xoşuma gəlir. Onun müddəti 2027-ci ilə qədər müqaviləsi var. Evdə çox xoşbəxtdir. Mən isə onu gələcəyi ilə bağlı çox aydın düşüncələrlə görürəm”.
Qeyd edək ki, Niko Uilyamsı heyətinə qatmağa çalışan klublardan biri də “Barselona”dır. Kataloniya klubunun prezidenti Joan Laporta da Niko Uilyamsın “blauqrana”nın düşərgəsinə mümkün keçidi haqda danışıb:
“Aydındır ki, Uilyams mənə xoş gəlir, özü də çox. Onun satın alınması üçün pulumuz varmı? Bu gün, var”.
İspaniya mətbuatının yazdığına görə, “Barselona” artıq Niko Uilyamsı transfer etmək üçün konkret addımlar da atıb. Kataloniya təmsilçisi “Atletik”ə futbolçuya görə təzminatın tam məbləğini və hətta daha çoxunu ödəməyə hazırdır.
“Blauqrana” həmçinin Uilyamsın özü ilə danışıqlar aparır və Kataloniya klubunda keçirəcəyi oyunlardan asılı olaraq, ona maaş təklif etməyə hazırdır.
Vurğulanır ki, Nikonun özü də “Barselona”nın onun keçidi ilə bağlı planlarından xəbərdardır və “blauqrana”nın düşərgəsinə keçməyə meyillidir.
Xatırladaq ki, Niko Uilyams “Atletik” futbol akademiyasının yetirməsidir. O, 2021-ci ilin iyulundan bu klubun əsas komandasında çıxış edir.
Artıq geridə qalmış 2023/2024 mövsümündə Uilyams Bilbao klubunun heyətində 38 oyuna çıxıb, 8 qol vurub, 17 məhsuldar ötürmə ilə diqqət mərkəzinə düşüb. Sol cinah vingerinin “Atletik”dəki karyerası bütövlükdə 122 oyun, 20 qol və 24 məhsuldar ötürmədən ibarətdir.
Nikolas Uilyams 2022-ci ilin sentyabr ayında debüt etdiyi İspaniya yığmasının heyətində 19 oyun keçirib. O, bu oyunlarda 3 qol vurub, 6 məhsuldar ötürmə verib.
“Transfermarkt” internet portalı 21 yaşlı Niko Uilyamsı 60 milyon avro məbləğində qiymətləndirir.


