Bilbao “Atletik”inin və İspaniya yığmasının qapıçısı Unai Simon karyerasında ilk dəfə “Samora mükafatı”nı qazanıb.
Arena.az məlumat verir ki, müvafiq ənənəvi mükafat İspaniya La Liqasının ən yaxşı qapıçısına təqdim edilir.
Sonuncu dəfə “Atletik”in qapıçısı olaraq bu mükafata layiq görülmüş futbolçu, 1969/1970-ci illər mövsümündə bask komandasının qapısını qorumuş əfsanəvi ispaniyalı bask qolkiper Xose Anxel İribar olub.
Göründüyü kimi, Unai Simon müvafiq mükafatı qazanmaqla, “Atletik”in 55 illik klub nailiyyətini təkrarlayıb. Simon cari mövsümdə İspaniya La Liqasında 36 oyuna çıxıb, 33 qol “yeyib”, 18 oyunda isə qapısını “quru” saxlamağı bacarıb.
Mövsümün ən yaxşı qapıçısını və “Samora mükafatı”nın sahibini müəyyən etmək üçün yalnız buraxılmış qolların oynanılmış oyunlara nisbəti nəzərə alınır. Son 17 ildə “Samora mükafatı”nı ümumilikdə 15 dəfə “Real”, “Barselona” və Madrid “Atletiko”sunun qapıçıları qazanıblar. Bu ağalığa 2021/2022-ci illər mövsümündə “Sevilya”nın mərakeşli qapıçısı Yasin Bunu ara vermişdi.
Unai Simon “Atletik”in yetirməsidir. Bir müddət “Baskoniya”da oynamış Simon 2018-ci iyulunda “Atletik”ə qayıdaraq, əsas heyətdə yerini möhkəmlədib.
Unai Simonun “Atletik”lə müqaviləsi 2029-cu ilin iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövsümdə Unai Simon “basklar”ın heyətində ancaq La Liqada çıxış edib və artıq qeyd etdiyimiz kimi, 36 oyun keçirib, 33 qol buraxıb, 18 oyunda isə qapını təmiz saxlayıb. Simonun “Atletik”in heyətində çıxışının ümui mənzərəsi isə belədir: 195 oyun, 202 buraxılmış qol, 66 “quru” oyun.
Unai Simon 2020-ci ilin noyabrında debüt etdiyi İspaniya yığmasının heyətində 39 oyuna çıxıb, 30 qol “yeyib”, 18 oyundan “quru” qurtulub.
Unai Simonun qənimətlər muzeyində “Atletik”lə qazandığı İspaniya Kral Kuboku (2023/2024) və İspaniya Super Kuboku (2020/2021) var. İspaniya yığması ilə isə Unai Simon U-19 və U-21 yığmaları ilə müvafiq olara AÇ-2015 və AÇ-2019-u qazanıb və əsas yığma ilə UEFA Millətlər Liqasının (2023) qalibi olub.
“Transfermarkt” internet-portalı 26 yaşlı qapıçının transfer dəyərini 25 milyon avro məbləğində qiymətləndirir.


