Unai Simon, Xulen Aqirresabala və Dani Vivian “Atletik”də qaldı

İspaniyanın “Atletik” klubu qapıçıları Unai Simon, Xulen Aqirresabala və mərkəz müdafiəçisi Dani Vivian ilə müqavilənin müddətini uzadıb.

Arena.az xəbər verir ki, bu barədə La Liqa təmsilçisi rəsmi saytı vasitəsilə məlumat yayıb.

Yeni müqavilələrə əsasən, Aqirresabala 2027-ci ilin yayına kimi bu komandada olacaq. Onunla müqavilənin daha 2 il uzadılması şərti də sözləşməyə daxil edilib. Simon 2029-cu ilin 30 iyununa kimi bu komandanın uğurları üçün çalışmağa davam edəcək. Vivianla müqavilə isə 2032-ci ilin yayınadək “Atletik”də qalacaq.

Unai Simon “Atletik”in yetirməsidir. Bir müddət “Baskoniya”da oynamış Simon 2018-ci iyulunda “Atletik”ə qayıdaraq, əsas heyətdə yerini möhkəmlədib.

Simonun “Atletik”in heyətində çıxışının ümui mənzərəsi belədir: 195 oyun, 202 buraxılmış qol, 66 “quru” oyun.

Unai Simon 2020-ci ilin noyabrında debüt etdiyi İspaniya yığmasının heyətində 39 oyuna çıxıb, 30 qol “yeyib”, 18 oyundan “quru” qurtulub.

“Transfermarkt” internet-portalı 26 yaşlı qapıçının transfer dəyərini 25 milyon avro məbləğində qiymətləndirir.

Aqirresabala 2020-ci ilin iyul ayından “Atletik”də çıxış edir. 23 yaşlı ispan qolkiper Bilbao təmsilçisinin əsas komandasında 36 oyun keçirib, 27 qol buraxıb, 16 “quru” matç görüb.

Xulen Aqirresabala İspaniyanın U-21 yığmasında forma geyinsə də, əsas millidə debüt şansı qazanmayıb.

“Transfermarkt” internet-portalı 23 yaşlı qapıçının transfer dəyərini 5 milyon avro məbləğində qiymətləndirir.

Dani Vivian isə 2017-ci ildən “Atletik”in sıralarındadır. 24 yaşlı ispan futbolçu Bilbao klubunu əsas komandasında indiyə qədər 103 oyuna çıxıb. O, bu oyunlarda 3 qol vurub, 2 məhsuldar ötürmə müəllifi olub.

“Mirandes”də də oynamış Vivian bu ilin mart ayında İspaniya milli komandasında da debüt edib. Amma o, hələlik əsas yığmada cəmi 1 oyun keçirib. Dani vaxtilə İspaniyanın U-19 yığmasında da oynayıb.

“Transfermarkt” internet-portalı 24 yaşlı müdafiəçinin transfer dəyərini 25 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: