Almaniyanın “Union Berlin” klubu heyətini 3 yeni futbolçu – Lyuka Tuzar, Aleksander Şvolov və Benedikt Hollerbaxla gücləndirib.
Arena.az xəbər verir ki, Tuzarla Şvolov “Herta”dan transfer olunub. Şvolov azad agent kimi Berlin klubuna keçibsə, Tuzarın transferi 3 milyon avroya başa gəlib.
Hollerbax isə “Vehen”dən 2 milyon avroya transfer olunub. Hər üç futbolçu ilə imzalanmış müqavilənin müddəti gizli saxlanılır.

Lyuka Tuzar peşəkar karyerasına “Valansyen”də başlayıb. O, uzun illər Lion “Olimpik”ində forma geyinib. 26 yaşlı fransız futbolçu 2020-ci ildən “Herta”da çıxış edirdi. Dayaq yarımmüdafiəçisi Almaniya klubunda 96 oyun keçirib, 9 qol vurub, 5 məhsuldar ötürmə müəllifi olub. O, Fransanın aşağı yaş qrupları üzrə müxtəlif yığmalarında forma geyinsə də, əsas millidə debüt şansı qazanmayıb.

Aleksander Şvolov peşəkar karyerasına “Frayburq”da başlayıb. 31 yaşlı alman qapıçı “Arminiya” və “Şalke”də də oynayıb. O, 2020-ci ildən formasını geyindiyi “Herta”da 55 oyun keçirib, 99 qol buraxıb. Təcrübəli qolkiperin hesabında 14 “quru” matç da var. Şvolov Almaniyanın U-18, U-19 və U-20 yığmalarında da da forma geyinib.

Benedikt Hollerbax isə peşəkar karyerasına məhz “Vehen”də başlayıb. 22 yaşlı forvard bu komandada 104 oyuna çıxıb, 24 qol vurub, 15 məhsuldar ötürmə ilə yadda qalıb.

“Union Berlin” öz yarımmüdafiəçisi Ceymi Levelinqi də “Ştutqart”a icarəyə verib. 22 yaşlı alman futbolçu Berlin klubuna “Qroyter Fyurt”dan gəlib. O, bu komandada 25 oyuna 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb. Levelinq Almaniyanın U-19, U-20 və U-21 yığmalarında oynasa da, əsas millidə debüt şansı qazanmayıb.


