PSJ-nin sağ vingeri Usman Dembele yenicə başa çatmış UEFA Çempionlar Liqasında 2024/25 mövsümünün ən yaxşı oyunçusu seçilib.
Arena.az bu barədə UEFA-nın rəsmi saytına istinadən xəbər verir.
Usman Dembele ÇL-in 2024/2025-ci illər mövsümündə bütövlükdə 15 qarşılaşmanın iştirakçısı olub. Fransalı futbolçu bu oyunlarda 8 qol vurub, 6 məhsuldar ötürmə verib.
PSJ-nin digər futbolçusu Dezire Due isə geridə qalmış mövsümdə 16 oyunda meydana çıxıb. 19 yaşlı fransalı hücumçu bu görüşlərdə 5 qol və 5 assistlə yadda qalıb.
“Barselona”nın braziliyalı hücumçusu Rafinya ilə Dortmund “Borussiya”sının fransalı hücumçusu Seru Girassi mövsüm ərzində vurduqları 13 qolla şərikli bombardir olublar. Amma Rafinya həm də 9 məhsuldar ötürmə verməklə fərqlənib, Girassinin hesabında cəmi 4 assist var.
UEFA Çempionlar Liqasının 2024/2025-ci illər mövsümünün rəmzi komandası da açıqlanıb:
Qapıçı: Canluici Donnarumma (PSJ);
Müdafiəçilər: Nuno Mendes (PSJ), Alessandro Bastoni (İnter), Markinyos (PSJ), Əşrəf Hakimi (PSJ);
Yarımmüdafiəçilər: Vitinya (PSJ), Deklan Rays (Arsenal);
Hücumçular: Lamin Yamal (Barselona), Dezire Due (PSJ), Usman Dembele (PSJ), Rafinya (Barselona).
Xatırladaq ki, ötən gecə keçirilmiş ÇL-in 2024/25 mövsümünün final görüşündə PSJ “İnter”i 5:0 hesabıyla məğlub edərək tarixində ilk dəfə qitənin ən nüfuzlu klub turnirinin qalibi olub.


