PSJ-nin 28 yaşlı fransalı sağ cinah hücumçusu Usman Dembele “Qızıl top”u qazanmaq imkanı ilə bağlı sualı cavablayıb.
Arena.az xatırladır ki, Dembele cari mövsümün yekunları üzrə ən nüfuzlu fərdi futbol mükafatını qazanmağa əsas namizədlərdən biridir.
“Məni müvafiq xüsusla bağlı mütəmadi olaraq sancırlar. Sən PSJ-nin oyunçusu ikən, fərdi mükafatlar haqda düşünməkdən daha vacib xüsuslar var. Həmçinin nəzərə alaraq ki, klub heç vaxt bu çoxdan gözlənilən qəniməti (Çempionlar Liqasını – redaktorun qeydi) qazanmayıb. Özüm haqda düşünməkdən öncə, mən ilk növbədə komandan və klubum haqda düşünmək istəyirəm”, – “RMC Sport” dərgisi Dembeledən sitat gətirir.
Xatırladaq ki, PSJ cari mövsümün Çempionlar Liqasının finalına yüksəlib və həlledici oyunda İtaliya nəhəngi “İnter”lə qarşılaşacaq. Final oyunu mayın 31-də Münhenin “Arena Münhen” stadionunda keçiriləcək.
Usman Dembele PSJ-yə 2023-cü ilin avqust ayında 50 milyon avro məbləğ müqabilində “Barselona”dan keçib. Fransalı cinah hücumçusunun Paris klubu ilə müqaviləsinin müddəti 2028-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövsümdə Dembele PSJ-nin heyətində bütün yarışlarda 47 oyuna çıxıb, 33 qol vurub, 13 məhsuldar ötürmə verib.
Usman Dembelenin Fransa nəhəngi üçün xidməti ümumilikdə 89 oyun, 39 qol və 28 məhsuldar ötürmədən ibarətdir.
Əlavə edək ki, Dembele Fransa Liqa 1-in cari mövsümün 21 qolla ən sərrast qolçusudur. Fransalı hücumçunun hesabında həmçinin 6 məhsuldar ötürmə var.
Dembele PSJ-dən öncə “Barselona”, “Borussiya” (Dortmund) və “Renn”in uğurları üçün çalışıb.
Usman Dembele 2016-cı ilin sentyabr ayında debüt etdiyi Fransa yığmasının heyətində 55 oyun keçirib, 7 qol vurub, 4 məhsuldar ötürmə verib. Usman “xoruzlar”la Rusiyada keçirilmiş DÇ-2018-in qalibi olub.
“Transfermarkt” internet-portalı 28 yaşlı fransalı sağ cinah hücumçusunun transfer dəyərini 75 milyon avro məbləğində qiymətləndirir.


