Valter Massarri mükafatlandırma mərasimini boykot etdi

“Napoli”nin baş məşqçisi Valter Massarri “İnter”lə İtaliya Super Kubokunun finalından (0:1) sonra mükafatlandırma mərasimini boykot edib.

Arena.az məlumat verir ki, mütəxəssis 5 dəqiqə ərzində iki sarı vərəqə almış Covanni Simeonenin meydandan qovulmasından narazı qalıb.

Əvvəlcə, Massarri Simeonenin meydandan qovulmasından sonra oyun zamanı hakimlərə qışqır-bağır salıb: “Ayıb olsun! Heç utanmırsınız”. Oyundan sonra isə o, tunelə qaçaraq meydanı tərk edib və geri qayıtmayıb. Həmçinin italyan mütəxəssis medalların təqdimatı mərasiminə qatılmayıb və mətbuata açıqlama verməyib.

Xatırladaq ki, İtaliya Super Kubokunun finalına gedən yolda, yarımfinalda “Napoli” “Fiorentina”nı, “İnter” isə “Latsio”nu 3:0 hesabı ilə məğlub edib.

Valter Massarri “Napoli”nin sükanı arxasına 2023-cü ilin noyabrında gətirilib. İtalyan mütəxəssisin Neapol klubu ilə müqaviləsi cari mövsümün sonuna qədər qüvvədədir.

Xəbəri sosial şəbəkələrdə paylaş: