“Qalatasaray”ın argentinalı hücumçusu Mauro İkardi dizindən cərrahi əməliyyat ediləcəyi Buenos-Ayresə gəlib və qalmaqala düşüb.
Arena.az bu barədə “The Sun” dərgisinə istinadən məlumat verir.
Futbolçu Argentinanın paytaxtında tibbi baxışdan əvvəl, keçmiş həyat yoldaşı Vanda Naranın evində müvəqqəti yaşamaq qərarına gəlib. Amma aralarındakı mübahisədən sonra Vanda polislə əlaqə saxlayıb, İkardinin onu silahla hədələdiyini və həyatı ilə bağlı qorxu keçirdiyini bildirib. Hüquq-mühafizə orqanlarının əməkdaşları mənzilə gələndə futbolçunu yatmış vəziyyətdə görüblər. Axtarış zamanı isə heç bir silah tapılmayıb, amma İkardiyə keçmiş həyat yoldaşına və evinə yaxınlaşmaq qadağan edilib. Daha sonra qanun keşikçiləri İkardini “içəri” – polis bölməsinə aparıblar.
Məlumdur ki, Vanda ilə boşandıqdan sonra Mauro İkardi dəfələrlə sosial şəbəkələrdə təxribat xüsusiyyətli yazılar dərc edib. Mauro daha sonra polis bölməsini tərk edərək, şələ-küləsini yığışdırıb Vanda Naranın evindən bir dostunun evinə köçüb.
Vurğulanır ki, Mauro İkardi bir neçə gündən sonra dizindən cərrahi əməliyyat ediləcək.
Mauro İkardi bir müddət icarə əsasında çıxış etdiyi “Qalatasaray”a 2023-cü ilin iyulunda 10 milyon avro məbləğ müqabilində PSJ-dən tamhüquqlu əsasda keçidlə qoşulub. Argentinalı hücumçunun “Cimbom”la müqaviləsinin müddəti 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövsümdə İkardi “Qalatasaray”ın heyətində 14 oyuna 6 qol, 2 məhsuldar ötürmə ilə fərqlənib.
İkardinin “Qalatasaray”ın heyətində çıxışının ümumi mənzərədi 87 oyun, 61 qol və 22 məhsuldar ötürmədən ibarətdir.
İkardi “Qalatasaray”la 2022/2023-cü və 2023/2024-cü illər mövsümlərində Türkiyə Super Liqasının qalibi olub, eləcə də 2023/2024-cü illər mövsümü Türkiyə Super Kubokunu qazanıb. Həmçinin İkardi 2023-cü ildə Türkiyədə ilin futbolçusu seçilib, 2023/2024-cü illər mövsümündə isə 25 qolla Türkiyə Super Liqasının ən sərrast qolçusu olub.
Argentinalı hücumçu “Qalatasaray”a qədər PSJ, “İnter” və “Sampdoriya”da çıxış edib.
Mauro İkardi 2013-cü ilin oktyabrında debüt etdiyi Argentina yığmasının heyətində 8 oyun keçirib, 1 qol vurub, eyni sayda məhsuldar ötürmə verib.
“Transfermarkt” internet-portalı 31 yaşlı argentinalı mərkəz hücumçusu Mario İkardinin transfer dəyərini 15 milyon avro məbləğində qiymətləndirir.


