Vataru Endo “Liverpul”da – Rəsmi

Almaniyanın “Ştutqart” klubunun və Yaponiya yığmasının dayaq yarımmüdafiəçisi Vataru Endo “Liverpul”a keçib.

Arena.az bu barədə İngiltərə klubunun rəsmi saytına istinadən məlumat verir.

Transferin məbləği və müqavilənin müddəti haqda məlumat açıqlanmasa da, yapon “dayaqçı”nın “qırmızılar”la 4 illik anlaşdığı üzə çıxıb. İngiltərə nəhəngi bu transfer üçün Almaniya klubuna 19 milyon avro ödəyib.

Vataru Endo 2019-cu ildən “Ştutqart”da çıxış edirdi. Almanlar onu Belçikanın “Sent-Trüden” klubundan 1,7 milyon avroya almışdılar.

Geridə qalmış 2022/2023 mövsümündə Endo “Ştutqart”ın heyətində 40 oyuna çıxıb, 6 qol vurub, 5 məhsuldar ötürmə verib. O, Bundesliqa təmsilçisində bütövlükdə 133 oyun keçirib, 15 qol vurub, 12 məhsuldar ötürmə müəllifi olub. O, daha öncə “Sent-Trüden”dən əlavə “Şonan Bellmare” və “Urava Red Diamonds” klublarının da uğurları üçün çalışıb.

Endo 2015-ci ilin avqustunda debüt etdiyi Yaponiya yığmasında 50 oyun keçirib, 2 qol vurub, eyni sayda məhsuldar ötürmə verib.

Yeri gəlmişkən, “Ştutqart”ın hücumçusu Luka Pfayffer də Bundesliqanın yeni iştirakçılarından olan “Darmştadt”a keçib. 26 yaşlı alman forvard bu mövsümün sonuna kimi icarədə oynayacaq. O, ötən ilin yayında keçdiyi “Ştutqart”da 24 oyuna çıxıb, 2 qol və 2 assistlə yadda qalıb. Pfayffer daah öncə “Hollenbax”, “Ştutqarter Kikkers”, “Vürsburber”, “Osnabrük”, “Midtyulland” kimi klubların da formasını geyinib. O, 2021/22 mövsümündə də “Darmştadt”da icarədə olub.

“Darmştadt” “Volfsburq”un dayaq yarımmüdafiəçisi Bartol Franyiçi də icarəyə götürüb. 23 yaşlı xorvat da qarşıdakı mövsümün sonuna kimi icarədə olacaq. Zaqreb “Dinamo”sunun yetirməsi “Volfsburq”a ötən ilin yayında 7,5 milyon avro qarşılığında keçsə də, bu komandada cəmi 6 matça çıxıb, 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: